"Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir..."
“Oqtay dünyasını dəyişəndə bu günə qədər mənə
saysız-hesabsız zənglər gəlir. Heç birinə cavab vermirəm. Danışmaq
istəmirəm. Heç danışa da bilmirəm. Yəqin ki, halımı, əhvalımı soruşmaq
üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə
bilərəm sizcə? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi
ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də
ki, danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib.
“Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən
onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə, övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa
düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər
işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər
sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay
yuxularıma da gəlmir (kövrəlir)” deyə sənətkar bildirib.
Elmira İsmayılova bildirib ki, gəlini, Əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir.
“Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola
bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi
idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir” deyə Xalq artisti bildirib.