vasif
Talıbovun “qələmini qıran” görün hansı məmur olub -Onu qapısında 2 saat gözlədib

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ölkə rəhbəri istisna olmaqla, Bakıdakı heç bir məmuru eşitmədiyi, onların Naxçıvana səfərinə və orda yoxlamalar aparmasına imkan vermədiyinə aid daha bir məlumat yayılıb.

Qlobal.net xəbər verir ki, "Yenisabah" Mərkəzi bankın sabiq sədri Elman Rüstəmovun 2021-ci ildə bütün təzyiqlərə rəğmən, Naxçıvana getdiyini bildirib.

Saytın mənbəsi qeyd edib ki, V.Talıbovla mərkəzi hakimiyyət arasında körpülərin yanması 2021-ci ilin noyabr ayının 25-nə təsadüf edir:

"Həmin gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Naxçıvanda olub. O, rəhbərlik etdiyi sahəyə aid Naxçıvan üçün xarakterik olan ciddi maliyyə pozuntularını araşdırmaq, bu barədə Ali Məclis sədrini məlumatlandırmaq üçün V.Talıbovla görüşmək istəyib. Amma Naxçıvan xanı E. Rüstəmovun bu istəyinə soyuq yanaşıb.

V.Talıbovun onunla görüşmək istəmədiyini başa düşən Mərkəzi Bank sədri Bakıdan özü ilə apardığı şəxsi mühafizəçisi və köməkçisi ilə birlikdə Naxçıvan Ali Məclisinə üz tutub. Ali Məclis əməkdaşları E.Rüstəmovu tanısalar da, ona son dərəcə etinasız yanaşıblar. Buna baxmayaraq, V.Talıbovla görüşməkdə israr edən baş bankir 2 saat qəbul otağında gözləyib. Ona V.Talıbovun Sədərəkdə yerli istehsal müəssisəsinin açılışına getdiyini və bu gün işə qayıtmayacağı deyiləndən sonra binanı tərk etmək məcburiyyətində qalıb. Məlumatlı şəxsin sözlərinə görə, E. Rüstəmov elə həmin gün Bakıya qayıdıb".

Mənbə E.Rüstəmovun V.Talıbovun bu hörmətsizliyini həzm etməyərək, onunla bağlı ölkənin ən yuxarı eşelonuna şikayət etdiyini bildirib. Həmin vaxt E.Rüstəmova bir qədər təmkinli olmaq və bu barədə heç kimə danışmamaq tövsiyə edilib. Mərkəzi Bank sədrinə V.Talıbovun bu əməlinə görə cəzalandırılacağı bildirilib.

Mənbə söyləyib ki, V.Talıbovun Naxçıvanda E.Rüstəmova qarşı etdiyi bu hərəkət "bardağı daşıran sonuncu damla" olub. Həmin hadisədən sonra V.Talıbova yerini göstərmək qərara alınıb.

19.01.2023 12:37
603