65bc753c41599202402245316
Onlar 40 yaşından sonra iş tapa bilmirlər... - FOTO

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" 

Qlobal.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib.

O, sosial şəbəkələrdə məsələ ilə bağlı paylaşım edəndən sonra balet artistlərinin təqaüd yaşı ətrafında müzakirələr başlayıb.

Jurnalist qeyd edib ki, sözügedən sənətçilərin maaşlarında da uzun müddətdir ki, artım yoxdur: "Mənim 40 yaşlı dostum ayda 700 manat məvacib alır, zədəsiz yeri yoxdur. Saçı artıq ağarıb, səhnəyə çıxmamışdan makinanın kopya kağızını başına sürtüb, üstündən lak vurur ki, "Geroy-Lyubovnik" rolunu oynasın, zaldakılar onu görəndə, gülməsinlər..."

Dünyada isə balet xoreoqrafiyanın ən yüksək pilləsi sayılır. İncəsənətin bu əvəzsiz növü ilə məşğul olanların əksəriyyəti 35-40 yaşında ondan uzaqlaşmalı olur. İstədi-istəmədi... 

Çünki balet eyni zamanda burxulan biləklər, ayaqda çatlar, qaralmış dırnaqlar deməkdir. Yaş artdıqca nəzarətdə saxlanılması çətin olan bədən çəkisi də onun düşmənidir. Siz heç baletə gedəndə 65 yaşlı balerun və ya balerina görmüsünüz?! Bu yaşı tələb edən rollar üçün əksər hallarda qrim işə düşür. Təqaüddə olan keçmiş balet artistləri isə gənclərə tamaşaçı kürsüsündən baxır. 

Hətta İlyas Əfəndiyevin əsərinin motivləri əsasında ekranlaşdırılmış məşhur "Mənim günahım" tamaşasında belə baş rollardan biri Nurcahan (Amaliya Pənahova) 40 yaşında səhnə ilə vidalaşmağa çalışan balerina kimi təsvir edilir.

Yəni balet artisti olmaq qısamüddətli karyera sayılır, bəs təqaüdə çıxana qədər bu sənətin sahibləri nə etsinlər? 

Mövzu ilə bağlı Xalq artisti Təranə Muradovanın fikrini soruşduq. Tanınmış rəqqasə deyir ki, sadəcə balet yox, ümumi xoreoqrafiya sənəti ilə məşğul olan digər peşəkar insanlar da vaxtında səhnədən getməlidirlər: "Vaxtilə bu sənətin sahibləri 20-25 ildən çox səhnədə oynamırdı. Amma indi belə deyil. Əlbəttə, rəqqaslar, balet ustaları, milli rəqsləri ifa edənlər 65 yaşa qədər çalışa bilər. Lakin profesional səhnə cavanlıq, güc, gözəllik sevir. Fiziki cəhətdən də bu düzgün deyil. Balet rəqs növündə yaş artdıqca, işləmək çətinləşir, müxtəlif zədələr yaranır. Axı yaşlı insan balet oynaya bilməz. 

İnsanlar gəlir, böyük bir məktəb keçir, akademiyada oxuyurlar və sonra fəaliyyət göstərirlər, dünyada Azərbaycanı təmsil edirlər. Solistlər, xalq artistləri prezident təqaüdünə layiq görülüb. Bu da 100 nəfərdən 2-3-nə aid olur. Amma digərləri işləyə bilməyib çıxanda işsiz qalırlar. Hamı baletmeyster, müəllim ola bilməz axı... Buna görə də sənətçi vaxtında səhnədən getməlidir ki, təqaüdünü də ala bilsin. 

Hər il akademiyadan yüzlərlə tələbə buraxılır. Onlar gedib dövlət kollektivlərində işləməlidirlər. Uzun illər bu sahədə işləyənlər təqaüdə çıxmamış bunlar necə işə götürülə bilərlər? Buna görə ştat da yoxdur. Rəhbər də deyə biləməz ki, "sən təqaüdə getməlisən". Axı təqaüd yoxdur. Həmin insanlar bilmir ki, gedib harada işləsin. Bu, çox ciddi problemdir. Çünki bu gün bu vəziyyəti görən valideynlər övladlarını bu sahəyə yönləndirmək istəmirlər. Bu da sənətin inkişaf etməməsinə səbəb olacaq. Biz bununla bağlı müraciət etmişik. Çox ümid edirik ki, baxılacaq və xəbər çıxacaq ki, xoreoqrafiya sənəti ilə məşğul olanlar vaxtında təqaüdə çıxacaqlar".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi bu sahədə aparılan dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sosial sahədə qanunvericilik bazasının, o cümlədən pensiya təyinatının təkmilləşdirilməsi ilə bağlı da ardıcıl və mütəmadi tədbirlər həyata keçirilir. 

Mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda əlaqəli qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsi istiqamətində də məsələlər nəzərdən keçirilir və bununla bağlı işçi qrup fəaliyyət göstərir. Müvafiq dövlət strukturları ilə razılaşdırılmaqla qanunvericiliyin tələbləri çərçivəsində bu məsələyə baxılmaqdadır".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa isə məsələnin parlamentdə qaldırılmasının nəzərdə tutulduğunu bildirib: "Tamamilə haqlı iraddır. Artıq bir neçə dəfə bununla bağlı müraciətlər etmişik. Elə sənət sahələri var ki, orada mütləq nəzərə alınmalıdır. Bu sahədə də nə qədər adam var ki? Heç say olaraq 100 nəfəri keçməz. Buna görə də, onların 40 yaşından sonra təqaüdə çıxmasını təmin etmək lazımdır. Eləsi var ki, məktəbdə müəllim olaraq tədris prossesindən pul qazana bilir. Amma arasında belə imkanları olmayanlar da var. Buna görə də bu məsələ ətrafında düşünməliyik və problemin həll olunmasına çalışmalıyıq". 

Müzakirələrə səbəb olan məsələyə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin də (ƏƏSMN) münasibətini öyrənmək istədik. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən verilən məlumata görə, balet artistlərinin pensiya yaş həddinin 65 yaş olması ilə bağlı qeyd edilənlər doğru deyil: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı"nda incəsənətin xüsusi sahələrində çalışanlar, o cümlədən  balet artistləri də qeyd edilib.  Balet artistləri də güzəştli şərtlərlə daha erkən dövrdə yaşa görə əmək pensiyası hüququ olan kateqoriyalar sırasındadır. Qanunvericiliyə görə, həmin şəxslərə 5 il tez yaşa görə pensiya hüququ verilir. Yəni, balet artistləri olan kişilərin pensiya yaş həddi hazırda 60, qadınların isə 58,5 yaşdır".


02.02.2024 08:50
show 353