Hər gün orta tempdə piyada gəzmək ömrü 11 ilə qədər uzada bilər. Bu qənaətə ABŞ-dəki alimlər apardıqları araşdırmalardan sonra gəliblər.
Qlobal.net xəbər verir ki, Rusiyada tanınmış endokrinoloq Zuxra Pavlova araşdırmalara əsaslanaraq bildirib ki, yürüyüş sürəti saatda ən azı 4,8 kilometr olmalıdır. Bu sürətlə gündə iki saat piyada gəzmək tövsiyə olunur.
Ekspert deyib ki, gözlənilən orta ömür müddəti 78,6 ildən 84 ilə qədər arta bilər. Həkimin sözlərinə görə, hər əlavə yürüyüş saatı insan ömrünü təxminən 6 saat və ya 376 dəqiqə uzadır. Bu cür müntəzəm fiziki fəaliyyət yalnız fiziki sağlamlığı yaxşılaşdırmır, həm də uzun ömür üçün mühüm töhfə verir.
Endokrinoloq piyada gəzməyi sağlamlığı qorumağın ən sadə və effektiv üsullarından biri adlandırıb. O qeyd edib ki, yürüyüş ürək-damar xəstəlikləri riskini azaldır, əzələləri möhkəmləndirir və normal çəki saxlamağa kömək edir. Bundan əlavə, Pavlova əlavə edib ki, müntəzəm piyada gəzinti bel ağrılarının qarşısını almağa və stressi azaltmağa da müsbət təsir göstərir.
Bu sadə vərdiş sağlam və uzun ömür üçün güclü bir vasitədir və xüsusi avadanlıqlar tələb etmədiyi üçün hər kəs üçün əlçatandır. (BAKU.WS)