Misirin Marsa əl-Alam şəhəri sahillərində batmış turist yaxtasının beş sərnişini kayutda sağ tapılıb.
Bu barədə Qlobal.net Daily Mail-ə istinadən xəbər verir.
Məlumata görə, xilas edilənlər arasında iki belçikalı, bir isveçrəli, bir finlandiyalı və bir misirli var. Onlar çevrilmiş gəmidə təxminən 24 saat keçiriblər.
Misir vətəndaşına məxsus Sea Story yaxtasının göyərtəsində müxtəlif ölkələrdən turistlər və 13 ekipaj üzvü daxil olmaqla ümumilikdə 44 nəfər olub. İndiyədək 33 nəfər xilas edilib, onların yalnız yüngül xəsarətləri olub və heç kim xəstəxanaya yerləşdirilməyib. Qalan 11 sərnişinin axtarışları davam edir.
İlkin məlumatlara görə, gəmi böyük dalğa ilə toqquşma nəticəsində qəzaya uğrayıb.
Ahram Online nəşrinin xəbərinə görə, Misir Meteoroloji İdarəsi 24 və 25 noyabr tarixlərində Aralıq və Qırmızı dənizlərdə hava şəraiti səbəbindən naviqasiyanı dayandırmağı tövsiyə edib.
Turist yaxtası 25 noyabr tarixində Misirin Qırmızı dəniz sahillərində batıb.