photo_21167328

“Ölkənin 50 faizi narkotikdən istifadə edir“



"Mənə elə gəlir ki, gənclər evlilikdən öncə təkcə tibbi yox, həmçinin psixoloji, hətta narkoloji müayinədən keçməlidirlər. Çünki bu gün ölkənin 50 faizi narkotikdən istifadə edir".

 

Qlobal.net xəbər verir ki, bu sözləri yenisabah.az-a Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa bildirib ki, nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması da olduqca vacibdir:


"Fikrimcə, artıq evlilikdən öncə psixoloji testdən keçmək vətəndaşlar üçün bir öhdəliyə çevrilməlidir. Bundan əlavə, düünürəm ki, qanunda müəyyən dəyişiklik olmalıdır, çünki qadınlar gedib polisə şikayət edir, amma onların şikayətinə baxılmır. Lap boşanmış ailə olsun, problem yenə davam edir. Bəzən görürsən ki, cütlüklər ayrılsa da kişi qadından əl çəkmir, gedib-gəlir, qadını qorxudur. Qadın gedib polisə şikayət edir, polissə həmin kişini çağırır, dilindən iltizam alıb buraxır. Nəzərə almaq lazımdır ki, bu insan qadına psixoloji təsir edir. Kişinin xanıma hədə-qorxu gəlməyinə baxmayaraq polis ona heç nə eləmir. O da düşünür ki, onsuz polis mənə heç nə etmir. Polisə şikayət edirsən, deyir ki, əgər kişi səni vurmursa, xəsarət yetirmirsə, ona heç nə edə bilmərəm. Axı qadın burada psixoloji travma keçirir, bu da insanı ölüm həddinə qədər çatdıra bilər. Bu nə qanundur?! Əvvəlcə qanunlarda dəyişiklik olmalıdır, belə şey olmaz".

 Sənətçi son vaxtlar ölkəmizdə qadın qətllərinin sayının hədsiz artdığı qənaətindədir. Onun sözlərinə görə, zorakılıq hallarının qarşısını almaq üçün şiddətə məruz qalan qadınlarla paralel kişilərlə də işləmək lazımdır:


"Gündə bir qadın qətli xəbəri oxuyuruq. Bu qədər qadın öldürülərmi? Bu nə deməkdir? Qadına qarşı belə münasibət olarmı? Sanki qadına qarşı bir soyqırımı var. Heç kəs də bundan sığortalanmayıb. Vəziyyət həddindən artıq qorxuludur. Bundan əlavə, ailələr də bununla məşğul olmalıdır, valideynlər öz oğullarını tərbiyə etməli, ailəyə hazırlamalıdırlar. Onlar kişinin qadına qarşı sevgisini öz özladlarına tərbiyə etməlidirlər. Qızı şəhzadə kimi böyütməlidirlər. Bu uşaqlıqdan, ailədən başlamalıdır. Həmçinin də qadınlar. Elə bil kişilərlə qadınların arasında dərin bir uçurum əmələ gəlib. Bir mübarizə gedir: Ölüm-dirim mübarizəsi. Kişilər qəbul edə bilmirlər ki, qadınlar artıq ayılıblar. Qadınlar əvvəlki kimi müti deyillər. Kişilərdə böyük bir eqo var, ona görə də belə edirlər".

11.01.2022 21:19
show 248