“Öləndə çoxlu borcu qalmışdı, biz dostları ödədik” - “Arşın mal alan”ın Asyasının qandonduran həyatı -FOTO
Xalq artisti, tamaşaçıların “Arşın mal alan” filminin Asyası kimi
tanıdıqları aktrisa Xuraman Hacıyeva ömrünün son günlərinə qədər Gənc
Tamaşaçılar Teatrında çalışıb. Aktrisa teatrın səhnəsində
saysız-hesabsız rollar oynayıb. Zahirən və daxil gözəl olan aktrisanın
bu keyfiyyəti səhnədə oynadığı rollara da sirayət edirdi, onlara bir
başqa gözəllik qatırdı. Olduqca ziddiyətli həyat yaşayan aktrisanın
təəssüf ki, taleyi də üzünə gülmür. Ömrünün son illərində ehtiyac
içərisində yaşayan aktrisa qəflətən küçədə vəfat edir.
Xalq artistini sənət yoldaşları Moderator.az da xatırlayıblar.
Xalq artisti Tariyel Qasımov Xuraman Hacıyeva ilə birlikdə tamaşa oynadığı illəri belə xatırlayıb.
“Xuraman həm xanım kimi, həm də bir sənətkar kimi sevdiyim aktrisa
olub. Mənim ən parlaq və sevilən rollarım onunla tərəf müqabili olduğum
tamaşalarda bəyənilib. Həmişə sevgi rolları oynadığımız üçün tamaşaçılar
elə bilirdilər ki, biz ailəliyik. Hətta küçədə bizi yaşlı qadınlar
saxlayıb deyirdilər ki, bir-birinizə çox yaraşırsınız. Xuraman da onlara
deyirdi ki, biz evli deyilik, sənət dostuyuq. Şəxsi həyatda heç bəxti
gətirmədi. Qızı türk vətəndaşına ərə getdi. Türk kürəkəni də ona evini
satdırıb dedi ki, gəlib bizlə yaşayarsan. Evin pulunu mənimsədi,
Xuramanı Türkiyəyə aparmadı. Xuraman uzun müddət kirayətdə yaşamalı
oldu. Öləndə küçədə rəhmətə getdi. Çoxlu pul borcları qalmışdı. Biz
yaxın dostları onun borclarını ödədik. Kəndlərində-Ucarda dəfn etdik”
deyə sənətkar bildirib.
Aktrisa Məsumə Babayeva bildirib ki, teatra Xuraman Hacıyeva ilə birgə gəlib.
“Biz ikimiz də 1972-ci ildə teatra gəlmişik. Mən İncəsənət
universitetini bitirib gəlmişdim, o isə Gəncə Dövlət Dram teatrından. O
illərdən ölən gününə qədər rəfiqə olmuşuq. Evimdə də qalıb, çörəyimdən
də yeyib. Onun üçün nə etmişəmsə halal xoşu olsun. Çox yaxşı insan idi.
Aktrisa kimi güclü idi. Birlikdə tamaşalarda rol almışıq. Səhnədə mənə
çox kömək edib. Qızını Türkiyəyə ərə vermişdi. Onun ailə işlərinə qarışa
bilmərəm. Söz-söhbətlərdən uzağam. Olub da, onun da həyatı belə
gətirib. Problemlərini, dərdini heç kimə danışmazdı. Sirr saxlayırdı.
Xuraman xanım teatrda hamıya kömək edib, əl tutub. Bəzən çox yaxşılıq
edəndə də qarşına pisliklər çıxır. Kim çətinə düşərdisə birinci Xuramanı
başının üstündə görürdü. Ürəyi ağrıyırdı, özünə qulluq edə bilmirdi.
Qızı, nəvələri üçün vuruşub-çarpışırdı. Deyirdi ki, “mənə heç nə olmaz,
əsas onlardır”. Yolda ürəyi tutmuşdu, onu xəstəxanaya çatdırsalar da
həkimlər xilas edə bilməmişdi. Allah Xuramana rəhmət etsin” deyə
sənətkar bildirib.
Xalq artisti Yasin Qarayev bildirib ki, Xuraman Hacıyeva səhnədə gözlənilməz vəziyyətlərdən böyük ustalıqla çıxmağı bacarırdı.
“Xuramanda qeyri-adi, çoxlarında olmayan səhnə şarmı, mədəniyyəti
var idi. Mən bunu sirr kimi qəbul edirəm. Xuraman səhnədə tərəf
müqabilinə köklənməyi bacarırdı. Həddindən artıq həssas idi. Çox gözəl
xanım idi. Sevgili, lirik-psixoloji rolları bacarıqla oynayırdı.
“Komsomol” əsərində mən Cəlalı, o Humayı oynayırdı. Humay rolunu o Gəncə
Dövlət Dram teatrında da oynamışdı, hazırlıqlı gəlmişdi. Əsl Humay idi.
Xuraman Hacıyeva böyük bir məktəb keçmişdi. Onunla oynamaq çox rahat
idi. Cənub bölgələrindən birində tamaşa oynayırdıq. Məmmədağa Dadaşov,
Hüseynağa Sadıqov, Xuraman Hacıyeva və mən. Məmmədağa müəllimin səhnəyə
gəlmə yeri idi, Xuraman xanım səhnəyə çıxıb rolunu oynadı və
tamaşaçıların hiss etməyəcəyi səsdə dedi ki, “Məmmədağa müəllim gələ
bilməyəcək”. Sonra yenə də öz yerində səhnəyə gəlib dedi ki, “Məmmədağa
müəllim pilləkəndən yıxılıb, ayağı sınıb”. Biz həmin səhnələri improvizə
ilə oynadıq. Tamaşaçı hiss etmədi ki, burada hansısa bir aktyor
gecikib, yaxud da gəlməyib. Xuramanda bu qabiliyyət var idi. Sözsüz
səhnələri gözəl oynayırdı. Xuraman xanım Leyla Bədirbəylini çox sevirdi,
hiss olunurdu ki, bəzi səhnələrdə ona bənzəmək istəyir. Leyla
Bədirbəylini çox sevdiyi üçün qızına da Leyla adını vermişdi. Allah ona
qəni-qəni rəhmət etsin. Heyf ki, çox yaşamadı. Arada Naxçıvana da getdi.
Amma sonradan qayıdıb doğma teatrına gəldi” deyə aktyor bildirib.