651da5c89ff10202310235000
“O adam bizə dedi ki, ermənilərlə danışıb, Natiqi qaytarmaq üçün bir milyon pul istəyirlər”
“Allahverdi Bağırov dedi ki, Natiqi yandırıblar”   “O vaxt Allahverdi Bağırovla Vitali Balanasyan əsirləri dəyişdirirdilər. Mən gedib Allahverdi Bağırovdan qardaşım Natiqin taleyini soruşdum. Allahverdi Bağırov dedi ki, sənin qardaşını yandırıblar. Bir müddətdən sonra Natiqin jurnalda əlində bayrağımız olan fotosu işıq üzü gördü. Natiqin doğranılması isə “Oğul” adlı filmdə var. Erməni özü Natiqin qəhrəmanlığını etiraf edir və sonda da deyir ki, onu doğradılar. Natiq haqda bizim məlumatımız bura qədərdir”   
Bunu moderator.az-a açıqlamasında 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib. O daha sonra Natiqin sağ olduğu xəbərlərə münasibət bildirib.   
“Qardaşım Natiqin sağ olması heç kimə məlum deyil. 1993-cü il idi. Qəzetlə bir nəfər bizim evə yaxınlaşdı. Hündürboy, enli kürək bir oğlan idi. Özünü Axundzadə İsmayıl kimi təqdim etdi. Natiqin şəkilini mənə göstərib dedi ki, Gürcüstanda, Marneuli rayonunda yaşayıram. Natiqi araşdırıb, axtarıb tapıb. Dedi ki, Natiqi dəyişmək üçün pul lazımdır. Uzun çəkən prosseslərdən sonra bildirdiki ermənilərlə danışmışıq, Natiqi qaytarmaq üçün bir milyon manat pul istəyiblər. O vaxtı da köhnə pullar idi. Qohum-qonşu, dost-tanış yığışıb bir milyonu yığıb düzətdik ki, Qırmızı körpüdə görüşəcəyik və həmin adam da gedib Natiqi gətirəcək. Biz hətta Natiq üçün evdən pal-paltar da götürmüşdük. Bu qədər hazırlıqlı getmişdik. Ondan əvvəl də mən yaxın dostları Gürcüstanın Marneuli rayonuna göndərdim ki, görsünlər Çaparidze 47 ünvanında Axundzadə İsmayıl adında adam yaşayır?! Getdilər, tapmadılar. Sən demə Marneuli rayonunda belə bir adam yaşamayıb. Bir avtobus tutub 14 nəfər getdik Qırmızı körpüyə. Həmin adam vaxtından da tez gəlmişdi. Dedi ki, gedək Natiqi qarşılayaq?! Dedim ki, biz heç yerə getmirik. Niyəsini soruşanda dedik ki, sən heç o ünvanda yaşamırsan. Getməyimizi təkid etdi.. Yenə də getmədik. Onunla belə bir şərt kəsdik ki, get həmin ermənini gətir sərhədə, biz pulu ona verək, gedib Natiqi gətirsin. Amma onlar Natiqi gətirənə qədər sən bizim yanımızda qalmalısan. Guya həmin adamı gətirməyə gedirdi.. O da getdi və bir daha geri dönmədi. Guya deyirdilər ki, Natiqi kimya zavodunda işlədirlər” deyə Nofəl Qasımov deyib.   
Nofəl Qasımov deyib ki, bu gün ən böyük arzularından biri Vitali Balasanyanın həbsidir.   
“Vitali Balasanyan tutulsa Natiqdən də bir xəbər çıxar. Düzdür, Natiqin qisası dəfələrlə alınıb, amma ən azından qardaşımın öldüyü yeri bizə deyərdilər. 31 ildir ki, gözümüz yollarda qalıb. Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O Xocalı soyqrımında da iştirak edib. Mütləq cəzasını almalıdır” deyə Nofəl Qasımov bildirib.
04.10.2023 21:49
480