“O adam bizə dedi ki, ermənilərlə danışıb, Natiqi qaytarmaq üçün bir milyon pul istəyirlər”
“Allahverdi Bağırov dedi ki, Natiqi yandırıblar”
“O vaxt Allahverdi Bağırovla Vitali Balanasyan əsirləri
dəyişdirirdilər. Mən gedib Allahverdi Bağırovdan qardaşım Natiqin
taleyini soruşdum. Allahverdi Bağırov dedi ki, sənin qardaşını
yandırıblar. Bir müddətdən sonra Natiqin jurnalda əlində bayrağımız olan
fotosu işıq üzü gördü. Natiqin doğranılması isə “Oğul” adlı filmdə var.
Erməni özü Natiqin qəhrəmanlığını etiraf edir və sonda da deyir ki, onu
doğradılar. Natiq haqda bizim məlumatımız bura qədərdir”
Bunu moderator.az-a açıqlamasında 23 nəfər Xocalı
sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun qardaşı
Nofəl Qasımov deyib. O daha sonra Natiqin sağ olduğu xəbərlərə münasibət
bildirib.
“Qardaşım Natiqin sağ olması heç kimə məlum deyil. 1993-cü il idi.
Qəzetlə bir nəfər bizim evə yaxınlaşdı. Hündürboy, enli kürək bir oğlan
idi. Özünü Axundzadə İsmayıl kimi təqdim etdi. Natiqin şəkilini mənə
göstərib dedi ki, Gürcüstanda, Marneuli rayonunda yaşayıram. Natiqi
araşdırıb, axtarıb tapıb. Dedi ki, Natiqi dəyişmək üçün pul lazımdır.
Uzun çəkən prosseslərdən sonra bildirdiki ermənilərlə danışmışıq, Natiqi
qaytarmaq üçün bir milyon manat pul istəyiblər. O vaxtı da köhnə pullar
idi. Qohum-qonşu, dost-tanış yığışıb bir milyonu yığıb düzətdik ki,
Qırmızı körpüdə görüşəcəyik və həmin adam da gedib Natiqi gətirəcək. Biz
hətta Natiq üçün evdən pal-paltar da götürmüşdük. Bu qədər hazırlıqlı
getmişdik. Ondan əvvəl də mən yaxın dostları Gürcüstanın Marneuli
rayonuna göndərdim ki, görsünlər Çaparidze 47 ünvanında Axundzadə
İsmayıl adında adam yaşayır?! Getdilər, tapmadılar. Sən demə Marneuli
rayonunda belə bir adam yaşamayıb. Bir avtobus tutub 14 nəfər getdik
Qırmızı körpüyə. Həmin adam vaxtından da tez gəlmişdi. Dedi ki, gedək
Natiqi qarşılayaq?! Dedim ki, biz heç yerə getmirik. Niyəsini soruşanda
dedik ki, sən heç o ünvanda yaşamırsan. Getməyimizi təkid etdi.. Yenə də
getmədik. Onunla belə bir şərt kəsdik ki, get həmin ermənini gətir
sərhədə, biz pulu ona verək, gedib Natiqi gətirsin. Amma onlar Natiqi
gətirənə qədər sən bizim yanımızda qalmalısan. Guya həmin adamı
gətirməyə gedirdi.. O da getdi və bir daha geri dönmədi. Guya deyirdilər
ki, Natiqi kimya zavodunda işlədirlər” deyə Nofəl Qasımov deyib.
Nofəl Qasımov deyib ki, bu gün ən böyük arzularından biri Vitali Balasanyanın həbsidir.
“Vitali Balasanyan tutulsa Natiqdən də bir xəbər çıxar. Düzdür,
Natiqin qisası dəfələrlə alınıb, amma ən azından qardaşımın öldüyü yeri
bizə deyərdilər. 31 ildir ki, gözümüz yollarda qalıb. Balasanyan tək
mənim qardaşımın cinayətində olmayıb. O Xocalı soyqrımında da iştirak
edib. Mütləq cəzasını almalıdır” deyə Nofəl Qasımov bildirib.