News24.az-ın əldə etdiyi məlumata görə, Tovuz
rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül
zərər vurma) maddələri ilə təqsirləndirilib.
Bildirilib ki,
T.Həsənovdan boşanmaq istəyən arvadnı 14 bıçaq zərbəsi ilə qətlə
yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü
qarşısında baş verib.
Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun
əlini kəsib. Həmçinin qeyd edilib ki, İ.İsgəndərova hyat yoldaşının
aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı
onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu
ələ keçirib.
T.Həsənov məhkəmədəki ifadəsində deyib:
“1999-cu
ildə Rusiyadan Tovuza gəlib, ailəvi tanışımız olan İlhə ilə evlənmişdim,
2 övladımız oldu və Rusiyada birgə yaşayırdıq. 2012-ci ildə uşaqların
təhsili ilə əlaqədar Bakı şəhərinə gəlib Nərimanov rayonundan 3 otaqlı
mənzil aldım və İlahə uşaqlarla daimi Bakı şəhərində yaşamağa başladı.
Mən də ildə 3-4 dəfə Rusiyadan Bakıya gəlirdim, tez-tez ailəmin
dolanışığı üçün pul göndərirdim. 2016-cı ildə Bakı şəhərində Xətai
rayonundan 3 otaqlı ev, 2019-cu ilin yay aylarında isə istirahət etmək
üçün Novxanı bağlarında bağ evi aldım. Övladlarım təhsili almaq üçün
Türkiyəyə getdikdən sonra qaynanam İlahə ilə birgə Xətaidəki evdə
yaşamağa başladı. İlahə 2019-cu ildən Nərimanov rayonunda yerləşən uşaq
bağçasında müəllimə kimi işləməyə başladı.
2021-ci ilin dekabrın
sonlarında Rusiya Federasiyasından Azərbaycana gəldim və aramızdakı
problemlər bundan sonra başladı. Onun məndən çox soyuduğunu gördüm.
2022-ci il yanvarın 30-da Rusiyaya getdim və oradan İlahəyə zəng vursam
da o, zənglərə cavab vermirdi. 30 mart 2022-ci il tarixdə Bakıya gəldim,
lakin İlahə məni görən kimi "sənin nə işin var burda nə üçün mənə
deməmiş Azərbaycana gəlmisən" bildirməklə həmin gün saat 02-dək evə
gəlmədi. İlahə mənimlə yaşamaq istəmədiyini, boşanacağını dedi.
Rusiyadan pulsuz gəldiyimdən İlahədən evdə olan pullarını istədikdə o,
pulunun olmadığını deyərək anası ilə birlikdə bacısının yaşadığı Günəşli
qəsəbəsindəki evə getdi, mənə pul vermədi və məhkəmədə görüşəcəyini
dedi. Sonra Əkbər adlı polis əməkdaşı mənə zəng edərək nə üçün
Azərbaycana gəldiyimi soruşdu. Evə gedib, seyfə açıb baxdıqda evdə
olmalı 165.000 dollar puldan sadəcə 12.000 dollar pulun qalmasını
gördüm. Bundan başqa, seyfdə dəftər tapdım və İlahənin pulları faizə
verdiyini aşkar etdim”.
Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı
onunla boşanacağnı bildirib və aldığı bağ evinə buraxmayıb: “İlahə məni
görmək istəmədiyini və boşanacağını deyib üstümə ayaqqabı və müxtəlif
əşyalar ataraq evdən qovdu. Daha sonra boşanmaq üçün Tovuz rayon
məhkəməsində iddia qaldırdı. 2022-ci il mayın 8-də saat günorta vaxtı
İlahə ilə barışmaq üçün qardaşım arvadı ilə Novxanı qəsəbəsində yerləşən
bağa getdim. Lkain o, məni evə buraxmadı. Bir müddət sonra hasarı aşıb
həyətə daxil oldum, təxminən 3 saat həyətdə oturdum. İlahə həyətə
çıxanda onu görüb "nə gəzirsən burda çıx rədd ol burdan" deyərək üstümə
gəlib təhqir etdi. Həmin vaxt qayınanam və qardaşım arvadı evdə idi.
İlahənin hərəkətlərinə əsəbləşərək həyətdən dəstəyi qırmızı rəngli
bıçağı götürüb İlahənin müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra
maşınla Nərimanov rayon polis idarəsinə gedərək təslim oldum”.
T.Həsənov
həmçinin qeyd edib ki, Rusiyada ticarətlə məşğul olduğu vaxt İlahə və
övladları üçün aylıq 10.000 manatadək pul göndərib. O, hadisənin konkret
səbəbini isə belə göstərib: “İlahənin özü bağçada müəllimə işləyirdi.
Bizim aramızda olan mübahisənin yaranma səbəbi isə İlahənin mənə xəyanət
etməsindən şübhələnməyim oldu. Belə ki, İlahəyə aldığım “Toyota Rav 4”
markalı maşında və evin yataq otağında siqaret yandırmaq üçün istifadə
olunan alışqan tapmışdım, halbuki İlahə siqaret çəkən deyildi. İlahə
zənglərimə cavab vermirdi və evə gecə gəlirdi”.
Məhkəmədə ifadə verən
şahidlər İlahədən faizlə pul götürmələrini təsdiq ediblər. Həmçinin
ifadə verən Z.Salmanov Sumqayıtdakı məşhur restoranlardan birinin
rəhbəri olduğunu İlahəni müştəri kimi tanıdığını və müştəri kimi
münasibətlərinin olduğunu deyib.
Sumqayıt Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə arvadını amansızlıqla öldürən biznesmen 16 il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.