Yardımlı rayonunun Ostayır kəndində törədilən dəhşətli qətlin təffərüatları məlum olub.
Qlobal.net xəbər verir ki, ötən gün axşam saatlarında 1962-ci il təvəllüdlü Məmmədova Gülxar Əhməd qızı qətlə yetirilib. Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyiti aşkarlanıb.
Araşdırma nəticəsində məlum olub ki, zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyev Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub, əlindəki balta ilə onun baş və boyun nahiyələrinə xəsarətlər yetirib. Qadın aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ostayır kənd sakinləri Modern.az-a bildiriblər ki, Gülxar Məmmədova Firqət Məstiyevə nisyə siqaret vermədiyinə görə sonuncu tərəfindən amansızlıqla öldürülüb.
“Həmin qadın həyətində kiçik mağaza işlədirdi, peçenya, siqaret və digər ərzaq məhsulları satırdı. İmkanı olmayan şəxslərə nisyə mal verirdi. Firqət Məstiyevə də dəfələrlə nisyə siqaret verib. Amma onun borcu çox olduğuna görə, sonuncu dəfə nisyə siqaret istəyəndə Gülxar Məmmədova bundan imtina edib. Borcunu qaytarmadığını deyib və ona siqaret satmayacağını bildirib. Bundan sonra aralarında mübahisə düşüb. Hadisə vaxtı Firqət Məstiyev sərxoş halda olub", - sakinlər deyiblər.
İddialara görə, Firqət Məstiyev kənddə narkoman kimi tanınıb. Gülxar Məmmədova dul qadın olub. Onun həyat yoldaşı bir neçə il öncə dünyasını dəyişib. Qadın çalışdığı mağazadan əldə etdiyi gəlirlə ailəsini dolandırıb.