Xəzər rayonunda qardaşı arvadını qətlə yetirməkdə təqsrli bilinən Ələkbər Abdullayevin cinayət işi üzrə təfərrüatlar məum olub.
Xəzər
rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev
Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il
təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində
bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində
dünyasını dəyişib. Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adamöldürmə) maddəsi ilə ittiham olunub.
İş üzrə dindirilmiş
Ələkbər Abdullayev ifadəsində göstərib ki, Binə qəsəbəsində ailə üzvləri
ilə birlikdə yaşayıb. 1993-cü ildə ailə həyatı qurub. Lakin bir neçə
ildən sonra yoldaşından boşanıb. Yaxınları ona Rübabə adlı qadınla
evlənməyi məsləhət görüblər. Nişanlı qaldığı müddətdə o, birinci arvadı
ilə barışıb, yenidən onunla ər-arvad münasibətində yaşamağa başlayıb.
Atası
Hafiz Abdullayev Rübabənin namusunun ləkələnməməsi üçün onların evinə
gedib ailəsindən qızı qardaşı Bəxtiyara istəyib. Onların toyu 19 il
əvvəl olub. Bəxtiyar ailəsi ilə birlikdə onlarla bir həyətdə özünə
məxsus evdə yaşayıb.
2011-ci ildə qardaşı vəfat etdikdən sonra qardaşına maddi köməklik edib. Qardaşı övladları ilə münasibəti yaxşı olub.
2016-cı
ildə Rübabənin mobil telefonuna xatırlamadığı nömrədən mesaj gəlib.
Ələkbər telefonu Rübabənin əlindən alıb, orada sevgi ismarıcları
yazıldığını görüb. Mesaj yazana öz nömrəsi ilə zəng vuranda, telefona
cavab verən şəxsin kişi olduğunu bilib. Rübabə ilə bu zəmində mübahisə
edərək ona iki şillə vurub. Həmçinin övladlarına anasının telefonuna
mesajları və şəkilləri göstərib. Qardaşı arvadına namusuna ləkə
gətirəcək hərəkətlər etməməsini bildirib. Rübabə bundan sonra səhv
hərəkətlər etməyəcəyinə və işdən çıxıb evdə oturacağına söz verib.
Ələkbər isə bir də belə hərəkət edəcəyi təqdirdə onu öldürəcəyini
deyib.
2018-ci ilin əvvəllərində qadın ondan Binə qəsəbəsində
yerləşən uşaq əyləncə mərkəzində işləməsinə icazə verməsini xahiş
etdikdə ona razılıq verib. Amma iki aydan sonra o, həmin yerdə işləmək
istəmədiyini deyib. Daha sonra Rübabənin Mərdəkan qəsəbəsində dəniz
kənarında yerləşən istirahət mərkəzində işlədiyini öyrənib. Orada nə
işlə məşğul olduğunu soruşduqda, o, təmizlik işləri gördüyünü deyib.
Ələkbər
Abdullayev bildirib ki, ailə üzvləri ilə birlikdə həyətdə oturanda
Rübabənin mobil telefonuna yenidən mesaj gəlib. Kimin ona mesaj
yazdığını soruşduqda, bu dəfə qardaşı arvadı ona sərbəst adam olduğunu
bildirib. Sonuncu mesaj yazanın bacısı olduğunu söyləyərək telefonu yerə
çırpıb gedib. Ələkbər telefonu yerdən götürərək işə salıb, mesaj
bölməsinə baxdıqda, başqa nömrədən səsli mesaj gəldiyini görüb.
İsmarışlara qulaq asanda, onun əxlaqsızlıqla məşğul olmasından
şübhələnib. Mesajları öz telefonuna köçürüb və bu barədə Rübabəyə heç nə
deməyib. Gecə saat 1 radələrində qardaşı qızına anasının telefonunda
olan səsli mesajları dinlədib.
Avqustun 8-i səhər məsciddə namaz
qıldıqdan sonra yaşadığı evə qayıdıb. Rübabəni aynabənddə oturub
siqaret çəkdiyini görüb. Telefonuna gələn mesajlar barədə onunla yenidən
söhbət eləmək üçün ona yaxınlaşıb. Qarşısındakı masanın üstündə
siqaret, alışqan, yemək qabları və bıçaq görüb.
Rübabə yenə "mən
sərbəst adamam özüm bilərəm nə edirəm" dedikdə, stolun üzərindəki
bıçağı sağ əli ilə götürərək onun sinə nahiyəsinə 4 zərbə burub. Qadın
üzü üstə yerə yıxılıb və sinəsindən axan qan döşəmənin üzərinə yayılıb.
Evin qarşısında arvadı Nərgizə Rübabəni öldürdüyünü deyib və polisə
gedərək təslim olub. Törətdiyi cinayət əməlindən peşman olmadığını
bildirib.
Məhkəmə prosesində Ələkbər Abdullayev ittiham üzrə tam təqsirli bilib.
Zərərçəkmiş şəxsi hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Ələkbər Abdullayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. (Ölkə.az)