Nərminin qətli ilə bağlı yeni faktlar
Məhkəmədə vəkillərlə prosesə sədrlik edən hakim
Dadaş İmanov arasında mübahisə yaranıb. Hakim bildirib ki, indiyədək
dindirilmiş ekspertlər kifayətdir. Vəkillər isə deyiblər ki, onlar
dekabr ayında əlavə şahidlərin dindirilməsi barədə qaldırdıqları
vəsatətdə rəy vermiş bütün ekspertlərin dindirilməsi məsələsini
qoyublar, o zaman vəsatətləri təmin edilib.
Hakim Dadaş İmanov təklif edib ki, vəsatətləri yenidən versinlər, məhkəmə bir daha baxaraq qiymətləndirəcək.
Bununla vəkillər razılaşmayıblar. Onlar bildiriblər ki, məhkəmə
prosesi audioyazı ilə aparılır və orada vəsatətlərinin təmin olunması öz
əksini tapmalıdır:
"Protokollara baxın, audioyazıya qulaq asın. Nəhayət, bizə
vəsatətimizin təmin olunması barədə qərarı verin. Niyə biz yenidən eyni
vəsatəti verməliyik?”
Qeyd edək ki, bu cinayət işində, xüsusilə də ekspert rəylərində
çoxsaylı ziddiyyət var. Ona görə müdafiə tərəfi ekspertlərin
dindirilməsində israrlıdır.
Proses aprelin 19-da davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə
yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində
aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən
cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz
istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır
cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini,
işləməyən, 1973-cü il təvəllüdlü İlkin İbrahim oğlu Süleymanov tutularaq
istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər
zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı
evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün
üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü
və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət
kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət
Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan
adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı
adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan
məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.