64d32390bd726202308232640
“Nərminin atasıgil kənddə xəbər yayıblar ki, İlkinə ömürlük cəza veriləcək”

Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyiti yandırmaqda ittiham olunan İlkin Süleymanovun vəkilləri onun 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apellyasiya şikayəti vermişdi.Referans.az  xəbər verir ki, avqustun 8-də həmin şikayət üzrə məhkəmə prosesi başlayıb.

İlkin Süleymanovun işinə bu dəfə Gəncə Apellyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrliyilə Rafiq Cəfərov və Salman Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

İlkin baxış iclasında İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov bir sıra vəsatətlər qaldırıb. Vəsatətlərdən biri apellyasiya şikayətinə məhkəmə istintaqı keçirilməklə baxılması olub. Vəkil bildirib ki, bu işdə araşdırılası xeyli ciddi məsələlər var.

Zabil Qəhrəmanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün əsassız, ədalətsiz olduğunu bildirib. Vəkilin sözlərinə görə, işdəki qanunsuzluqlar, saxtakarlıqlar o həddədir ki, məhkəmə onların bir qismini hökmdə etiraf etmək məcburiyyətində qalıb. Məsələn, indiyədək müdafiəçilər İlkin Süleymanovdan etiraf ifadəsi alınmamışdan öncə onun Tovuz rayon Polis Şöbəsində 4 gün qanunsuz saxlanılıb.

Bundan əvvəl prokurorluğa İlkin Süleymanovun 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanmasıyla bağlı bir neçə dəfə vəkilləri şikayət etsə də, hər dəfə prokurorluq bunu inkar edirdi.

İlkin Süleymanovun işgəncəyə məruz qalması haqda danışan vəkil bildirib ki, o, Bakı İstintaq Təcridxanasına gətiriləndə üzərində xəsarətlər olub. Müdafiəçilər təcridxanadan dustağın müayinəsinə dair rəyi almaq istəsələr də, təcridxana rəhbərliyi verməkdən imtina edib.

“Psixoloji ekspertizanın rəyi var, orada göstərilib ki, İlkin Süleymanov yalan danışmağa meylli deyil. Bu adam birinci dəfə - yanvarın 8-də şahid kimi dindiriləndə deyib ki, mən sadəcə yanğın görüb yaxınlaşmışam. Nə baş verib ki, bir gün keçəndən sonra boynuna alıb? Elə əvvəldən deyərdi ki, “mən öldürmüşəm”. İlkin Süleymanov ifadəsində yazır ki, mən Nərmini yanvarın 6-da başından 1 daş zərbəsilə öldürmüşəm. Amma ekspertiza rəyində göstərilib ki, meyit müayinədən 3 gün əvvəl öldürülüb. Bu da yanvarın 4-nə təsadüf edir. Başına da azı 5 zərbə vurulub. Bu adam işin faktiki hallarına uyğun gəlməyən şeyləri ifadəsində niyə desin? Bu məsələlər araşdırılmalıdır”, - vəkil bildirib.

Müdafiəçinin daha bir vəsatəti işin istintaqını aparmış müstəntiqin dindirilməsi barədə olub. Zabil Qəhrəmanov bildirib ki, İlkin Süleymanov yanvarın 6-da polis şöbəsinə gətiriləndən sonra onun telefonu əlindən alınıb. Ondan sonra telefonuna müdaxilə edildiyi məhkəmənin hökmündə də etiraf olunub:

“Aydın oldu ki, müstəntiq telefonu Daxili İşlər Nazirliyinə göndərib. Niyə? Hansı qərar əsasında? Telefona kimlər müdaxilə edib? Hansı məqsədlə?”

Vəkil vurğulayıb ki, ekspertiza və başqa məsələlərlə bağlı da müstəntiqin aydınlıq gətirməli xeyli məqamlar var. Məsələn, hadisə yerində meyit götürüləndən sonra qazıntı işləri aparılıb: “Məhkəmədə də təsdiqləndi ki, polis rəisi Şirzad Əsgərovun göstərişiylə bu baş verib. Orada ayaq izləri vardı, niyə qazılırdı ora?”

Zabil Qəhrəmanov apellyasiya məhkəməsinin qərarına qədər İlkin Süleymanov haqqında həbs qətimkan tədbirinin dəyişməsi barədə də vəsatət qaldırıb. Lakin müdafiəçinin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmədə o da məlum olub ki, Nərmin Quliyevanın atası, zərərçəkmişin hüquqi varisi qismində prosesdə iştirak edən Şərif Quliyev də apellyasiya şikayəti verib. O, İlkin Süleymanova verilən cəzanın ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyir. Lakin o, şikayət vermək üçün qanunda nəzərdə tutulan 20 günlük müddəti ötürüb.

Hakim bildirib ki, müddət keçdiyinə görə hökmü çıxarmış Gəncə Ağır Cinayətlər Məhkəməsi bu məsələyə baxmalıdır. Əgər ötürülmə üzrlü səbəbdəndirsə, bu halda qəbul edilə bilər. Yalnız birinci instansiya məhkəməsi apellyasiya şikayətini qəbul edib göndərəndən sonra ona baxılması mümkündür.

Şərif Quliyev həmçinin məhkəmədən ona dövlət hesabına vəkil təyin olunmasını istəyib.

Müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmaması, məhkəmə istintaqının keçirilməməsi İlkin Süleymanovun yaxınlarının etirazına səbəb olub.

“Sanki oyun davam edir, belə təəssürat yaranır. Şərif Quliyevgil kənddə yayıblar ki, İlkinə ömürlük cəza veriləcək. Əminik ki, apellyasiya şikayətini də Şərif Quliyev özü verməyib, verdiriblər. Bizə hədə-qorxu gəlmək məqsədi daşıyır. Yəni siz susmursunuzsa, biz daha ağır addımlar atacağıq. Biz bu məhkəmənin ədalətli olacağına inanmırıq. Açıq-aşkar saxta olan halları araşdırmaq istəməyən hakimlərdən nə gözləyək? Vəkilimiz nə qədər pozuntular sadaladı. Heç birini nəzərə almaq istəmədi”, - İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.

Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilən şahidlərin ifadələri protokollarda saxtalaşdırılıb:

“Nərminin anası məhkəmədə bildirdi ki, meyit tapılan gün polis şöbəsində rəisin yanında olub. Elə həmin gün günorta rəis onlara gəlib. Deyib ki, uşağınız tanınmaz halda olsa, onu nəyindən, hardan tanıya bilərsiz? Bu dediklərini hamı eşitdi. Amma hakim bunları protokola salmayıb. Sual olunur: niyə? Məqsəd nədir? Çünki özləri də bilir ki, bunun arxasında nə yatır...”

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb. 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar. 4 gün ərizndə - yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsi olaraq, iyunun 5-də çıxarılan hökmün nəticəsindən tərəflər narazı qalıb. İlkin Süleymanov və yaxınları hökmün sifarişli olduğunu hesab edir. Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda Prezidentə yalan məlumat verən qüvvələr var. Onlar məhkəməyə təsir göstərərək, bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan verməyiblər.(musavat)

09.08.2023 09:24
show 929