Nəfs və bədnəzərdən qorunmaq üçün dua
Nəfs və bədnəzərdən qorunmaq üçün dua insanın daxili aləmindəki pozulmuşluqları düzəltmək və xarici təhdidlərdən uzaq durmaq məqsədini güdür
Qlobal.net bildirir ki, nəfsin pis arzularından və bədnəzərdən qorunmaq, insanın ruhsal və fiziki sağlamlığını qorumaq üçün çox vacibdir. İslamda dua, insanın Allahdan yardım istəməsi və Onun möhkəm qorumasına sığınması deməkdir. Bu dua, həm də Allahın sonsuz mərhəmətinə və hikmətinə inamı artıraraq, həyatın çətinlikləri ilə baş etməyə kömək edir.
Quran ayəsində oxuyuruq: "Və (onları yola salarkən) dedi: "Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın. Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız). Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər"". ("Yusif" 67).
Həzrət Yəqub (ə) qorxurdu ki, 11 oğlunu bir yerdə görsələr, onlara göz dəyər.
Göz dəyməyi hədislərimiz də təsdiq edir. Belə ki, "Nəhcul-bəlağə"də oxuyuruq: "Göz dəymək haqdır və onu dəf etmək üçün duaya təvəssül etmək də haqdır".
İmam Sadiq (ə) buyurur: "Əgər qərar olsa ki, ölülərinizin qəbri sizin üçün açılsın, o zaman görəcəksiniz ki, sizin ölülərinizin çoxu göz dəydiyinə görə dünyadan gediblər. Həqiqətən göz dəymək həqiqətdir".
İmam Sadiq (ə) buyurur: "O kəs ki, mömin qardaşına baxar və ondan elə bir şey gözündə cilvələnər ki, onu heyrətləndirər, mütləq Böyük Allahı yada salmalı və deməlidir ("Allahu Əkbər"). Çünki göz dəymək - inkar edilməyən bir həqiqətdir".
Bəs mübarizə yolları hansılardır?
İmam Sadiq (ə) buyurur: "Hər kəs "Cin" surəsini çoxlu oxuyarsa, heç vaxt göz dəyməyə, caduya, cin aldatmasına düçar olmaz".
İmam Sadiq (ə) buyurur: "Göz dəyməsi haqdır və onun özündən özünə və özündən başqalarına təsirindən aman yoxdur. Ona görə də bu barədə nədənsə qorxsan, 3 dəfə de:
ما شاء اللَّه و لا حول و لا قوة الّا باللَّه العلى العظیم" "Məşəallah və lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim"
İmam Rza (ə) buyurur: "Sehr və cadugərlik həqiqətdir və o, ziyan və zərər vurur. Nə zaman sehrə düçar olsan, əlini üzünün qarşısında qərar verib de:
باسم اللَّه العظیم، باسم اللَّه العظیم، رب العرش العظیم، الا ذهبت و انقرضت".
Göz dəymək də həqiqətdir. Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və "Həmd" ("Fatihə"), "Tövhid" ("İxlas") , "Nas" və "Fələq" surələrini oxu. Hər iki əlini üzünə çək və Allah səni ondan qoruyacaqdır".
Fatimə
Qlobal.net