Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil.
Qlobal.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Mətbuat katibi Murad Haşımov deyib.
O, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı suala cavab olaraq bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.
"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - M.Haşımov bildirib.