65cf49a8eeb17202402244024
Nazir vəzifəsini icra edəcək Azər Cəfərov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ədliyyə naziri Fikrət Məmmədov yeni tərkibdə yer almayıb. 

Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. 

Qlobal.net Azər Cəfərovun tərcümeyi-halını təqdim edir: 

Azər Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub. Hüquq elmləri doktoru, professordur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır. 

Hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb. 

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib.  II dərəcəli dövlət ədliyyə müşaviridir. 2005-ci ilin fevralından həmçinin Məhkəmə-Hüquq Şurasının üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinə rəhbərlik edir. 

3-cü dərəcəli "Vətənə xidmətə görə", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə", "Ədliyyə sahəsində fərqlənməyə görə" medalları, "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı, "Rusiya Vəkillər Gildiyasının "Fayda, şərəf və şöhrət" ordeni, "Prokurorluğun fəxri işçisi" döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif olunub.  

Evlidir, iki övladı var.

 

16.02.2024 15:39
413