Naxçıvan şəhərində anasının plov bişirdiyi qazanın içinə düşərək bədənində 2-ci və 3-cü dərəcəli yanıq yaraları alan 9 yaşlı Fərid Səfərov hazırda Türkiyənin Ərzurum şəhərində müalicə olunur. Həkimlər onun həyati təhlükəsinin hələ də davam etdiyini bildirir.
Qlobal.net Yenisabah.az-a istinadən xəbər verir ki, ilk tibbi müdaxilə Naxçıvanda edilən Fərid, daha sonra Türkiyəyə aparılıb. Iğdır Dövlət Xəstəxanasında qolunda əməliyyat edilən uşaq, daha sonra Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə köçürülüb.
Anası Tələhə Səfərova (36) oğlunun vəziyyətini belə izah edib:
"Həyətin içində yemək bişirirdim. Ailəmiz çox böyük olduğuna görə qazanda plov hazırlayırdım. Bu zaman oğlum yanıma gəldi və ayağı taxtaya ilişib qazanın içinə düşdü. Biz yanına çatana qədər özü qazandan çıxmışdı. Dərhal xəstəxanaya apardıq. Bizə dedilər ki, ya Bakıya, ya da Türkiyəyə aparın. Türkiyəni seçdik. Həkimlər oğluma çox yaxşı baxırlar. Ümid edirəm ki, tezliklə sağalar".
Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzindən həkim Onur Ceylan uşağın vəziyyəti ilə bağlı açıqlama verib:
"Pasiyentin isti su qazanın içinə düşməsi nəticəsində bədəninin 25%-i yanıb. Xüsusilə qol və əl nahiyəsində dərin yanıq yaraları var. Hazırda tibbi və sarğı müalicələrinə davam edirik. Həyati təhlükəsinin aradan qalxdığını demək üçün hələ tezdir. Pasiyentin vəziyyətini stabilləşdirmək üçün müdaxilələrimiz davam edir"./BAKU.WS