“Əslində özümü bu məsələyə tam cavab verəcək səlahiyyət sahibi sanmıram. Çünki mən İslam dini ilə, ümumiyyətlə, bütün dinlərlə məsafəli biriyəm. Xüsusən də fanatik dinçilikdən çox uzağam. İslam dininin kitabı “Quran” ərəb dilində yazılıb, ərəb dilində də oxunur. Bu, “Quran”ın nazil olduğu dövr üçün doğru idi. Çünki ərəb coğrafiyasında ortaya çıxmışdı. Təbiidir ki, o coğrafiyadakı dil də ərəbcə idi, o dildə də oxunmalı idi. Sonradan İslam dini bəzən zorla, bəzən xoş bir şəkildə geniş yayıldı. Dünyada hazırda 2 milyarddan çox insan bu dinin ardıcılı hesab edilir. Bu ardıcıllar arasında ərəb dilindən xəbəri olmayan yüz milyonlarla insan var. Həmin insanlara “Quran”ı ərəb dilində oxumağın, yaxud da namazın ərəb dilində qılınmasının mənasını şəxsən mən başa düşə bilmirəm. İnsan dili bilmir, özgə bir dildə nəyisə əzbərləyir və dini ritualı yerinə yetirir. Bunun özü anormallıqdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar jurnalist Azər Həsrət deyib.
A.Həsrət düşünür ki, istənilən din, o cümlədən İslam dini onun ardıcıllarının dillərində öz ifadəsini tapmalıdır: “Söhbət Azərbaycandan gedirsə, əlbəttə, həm “Quran”ın oxunması Azərbaycan dilində olmalıdır, həm də namazın qılınması. Məsələn, xüsusən yas məclislərində “Quran” oxunur. Molla ərəb dilində nəsə oxuyur, ordakı insanların 99%-i dili bilmədikləri üçün, ümumiyyətlə, heç nə başa düşmür. Yaxşı olmazmı ki, bu dediklərimiz öz dilimizə tərcümə olunsun, insanların anlayacağı bir şəkildə izah edilsin. Mənə elə gəlir ki, məntiq bunu tələb edir. Əlbəttə, fanatik dindarlar var, onlar hesab edirlər ortada İslam dini varsa, deməli, ərəb dili olmalıdır. Hətta onların arasında elələrinə rast gəlirik ki, geyimlərini də dəyişib ərəbsayağı geyinirlər. Yəni dinlə ərəbləri bir-birindən ayıra bilməyən çoxsaylı insan var. Həmin insanlar çox zaman fanatikcəsinə dirəniş göstərirlər ki, ərəb dilində olmalıdır, geyimlərini də onlara bənzədirlər”.