6627226235911202404245218

Nailə İslamzadə efirdən yığışdırılacaq verilişlərdən DANIŞDI: "Kiminsə dava-dalaşı mənə maraqlı deyil"

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə mediada “Təsir dairəsi” verilişinin sentyabrdan tam bağlanacağı barədə xəbər yayılıb.
Xəzər telekanalından açıqlamada bildirilib ki, artıq bu cür layihələrin dövrü başa çatıb. May ayının ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılması planlaşdırılır. Növbəti televiziya ilindən isə sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlmək planlaşdırılır.
Daha sonra ATV-nin məsul əməkdaşlarından biri Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərarın verildiyini bildirib.
Məlumatlı şəxs iddia edib ki, teleməkandakı islahatlar gələn aydan başlayacaq. Sıraya ilk növbədə verilişlərin vaxtının qısaldılması daxildir. Bununla paralel olaraq, mövzu seçimi, studiyaya qonaqların dəvət edilməsinə də nəzarət olunacaq.
Mənbə adıçəkilən verilişlərin efirdən tamamilə qaldırılacağı tarixi də açıqlayaraq, iyun ayının sonunda belə verilişlərin tam bağlanacağını, sentyabr ayından isə efir məkanında daha səviyyəli verilişlərin yayımlanacağını açıqlayıb.
Mövzu ilə bağlı Referans.az-a məşhur teleaparıcı Nailə İslamzadə danışıb.
"Mən televiziya rəhbərlərinin, aparıcıların Prezident Administrasiyasına çağırılmasından əvvəl bununla bağlı "Künc-Bucaq" verilişində ətraflı məlumat vermişdim. Yəni bu məsələni yuxarılarla müzakirə eləməmişdən qabaq biz bunu müzakirə etmişdik. Hətta, demişdim ki, mənim deməyimin nə xeyri var ki?! Sosial proqramlara baxanlar eyni səviyyədə deyil ki. Bildirim ki, bu cür proqramlar bütün dünyada var. O verilişlərin aparıcıları da çox əziyyət çəkirlər. Hər gün verilişə çıxmaq asan məsələ deyil. Sadəcə nədə səhvləri var, nəyə görə onlara belə münasibət var, bunu aydınlaşdırmaq lazımdır".
Nailə İslamzadənin iştirak etdiyi "Künc- bucaq verilişindən sitat: "Efirdə savadlı, sözünü deyən kifayət qədər aparıcılarımız var. Bəzi sosial verilişlərə çağırılan qonaqlar sanballı deyil. Verilişin ssenarisi yoxdur, mövzu bəlli deyil. Bu da tamaşaçıda qıcıq yaradır. Aparıcı düşünməlidir ki, televizor qarşısında ona baxan kifayət qədər ağıllı adamlar var, biz nə gəldi deyə bilmərik. Özünü sərbəst aparmağın yeri var. İnsanları güldürmək çətindir, ağlatmağa nə var ki?! Hərə bir acı taleyini danışsın, qarşısında əyləşəni ağladacaq. Verilişlərə girəndə görürəm ki, ora gələnlərin heç bir-birilərindən xəbərləri yoxdur.
Dayanmadan efirdə danışmaq yaxşı danışmaq demək deyil. Hazırlaşıb efirə çıxmaq lazımdır. Sosial tipli bəzi verilişlərə baxmıram, inciməsinlər. Xoşqədəm Hidayətqızının verilişinə də baxmamışam. Mən iş adamıyam. Kiminsə məişət problemləri, dava- dalaşı mənimçün maraqlı deyil. Açıq-aydın deyirəm. Belə verilişlər evdə oturan evdar xanımlarçündür. Televiziyaya müraciət edənlərin problemlərinin düzgün həll yolları axtarılmalıdır. Verilişin səviyyəsinin aşağı düşməyinin səbəbi problemlərin doğru həll olunmamısıdır".
23.04.2024 06:51
show 744