Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov növbəti dəfə açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.
“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.
Müşviq Abbasovun bu açıqlamasından sonra KVN-in rəsmi saytına göz gəzdirdik. Qısa araşdırma zamanı məlum oldu ki, komandanın adı rəsmi saytda “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.
Azərbaycanı təmsil edən “Buta” 22 komandanın iştirakı ilə Premyer Liqada çıxış edəcək komandaların siyahısında göstərilib. Bu liqanın oyunları isə telekanallar vasitəsilə yayımlanmır.