Müharibə dünyaya ağrı və kədər gətirən qorxunc bir hadisədir. Tarix boyunca bir çox insan bu faciənin mərkəzində qalmış, həyatları alt-üst olmuşdur.
Qlobal.net bildirir ki, bəzən müharibə hekayələri içərisində elələri çıxır ki, eşidənləri heyrətə gətirir. Bunlardan biri də Hiroo Onodanın inanılmaz hekayəsidir.
Hiroo Onoda, 1922-ci ildə Yaponiyada anadan olub. İkinci Dünya Müharibəsi dövründə İmperator Yapon Ordusunun bir üzvü olaraq Filippin adalarında xidmət edib. 1944-cü ildə Filippinin Lubanq adasına göndərilən Onoda vəzifəsi çərçivəsində adada gerilla müharibəsi aparmaq və Yaponiyanın təslim olacağı təqdirdə belə mübarizəni dayandırmamaq əmri almışdı.
1945-ci ildə İkinci Dünya Müharibəsi rəsmi olaraq başa çatsa da, Hiroo Onoda və yoldaşları bunun bir aldadıcı taktika olduğunu düşünərək təslim olmadılar. Onlar illərlə meşələrdə gizlənərək gerilla döyüşləri aparmağa davam etdilər. Yerli əhali ilə bir çox qarşıdurmalara girdilər və bu müddət ərzində bir çox insan həyatını itirdi.
Onoda, 1974-cü ilə qədər – yəni müharibədən 30 il sonra – Lubanq adasında gizlənməyə davam etdi. Yaponiyadan onu axtarmağa gələn nümayəndələrə, hətta ailəsinin göndərdiyi məktublara belə inanmayan Onoda, yalnız keçmiş komandiri şəxsən gəlib təslim olma əmri verdikdən sonra silahını yerə qoydu. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu.
Hiroo Onoda Yaponiyaya qayıtdıqdan sonra bir qəhrəman kimi qarşılandı. Lakin müasir Yapon cəmiyyətinə uyğunlaşmaqda çətinlik çəkdi. Qısa müddət sonra Braziliyaya köçdü və burada bir fermada çalışdı. Daha sonra Yaponiyaya qayıdaraq gənclərə öz həyat təcrübələrini paylaşdığı düşərgələr təşkil etdi.
2014-cü ildə, 91 yaşında vəfat etdi.
Hiroo Onodanın hekayəsi, itaət, vəzifəyə sadiqlik və inancların insan həyatına necə yön verə biləcəyini göstərən nadir hadisələrdən biridir. Onun yaşadığı bu 30 illik “tək adamlıq müharibə” həm heyrət doğurur, həm də dərindən düşündürür.
Murad
Qlobal.net