Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsini dayandırmağa hazır olduğunu bildirib.
Qlobal.net xəbər verir ki, Zelenski bu fikri “Sky News”a verdiyi müsahibədə səsləndirib.
Prezidentin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü münaqişənin səngiməsi üçün ən effektiv həll yoludur:
“Müharibənin qaynar mərhələsini dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazilərini NATO çətiri altına almalıyıq. Bu, münaqişənin intensiv mərhələsinin dayanması üçün əsas həll yoludur. Nəzarət etdiyimiz ərazilərlə NATO-ya üzv ola bilərik”.
Zelenski əlavə edib ki, bundan sonra işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üçün çalışacaq.
O vurğulayıb ki, Ukrayna indiyədək bu istiqamətdə heç bir təklifi nəzərdən keçirməyib, çünki rəsmi olaraq belə bir təklif irəli sürülməyib.
Prezidentin bu bəyanatı Ukraynada geniş müzakirələrə və kəskin reaksiyalara səbəb olub. “Strana” nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından sonra işğal olunmuş əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu ilə bağlı ilk açıq bəyanatıdır.