Müğənni Dəniz şikayət etdi, Bakıda baş həkim həbs edildi
Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış müğənni Dəniz
Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda
ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək
627 min manatlıq dələduzluq etdiyi bildirilir.
Hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlama verən müğənni Dəniz
Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu
2017-2018-ci illərdə ondan aldığını deyib: "Mənim şəxsi məsələm var idi,
Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul
almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi
ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra
araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə
qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf
İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və
şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və
onun barəsində cinayət işi açıldı”.
Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon
Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir
neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə
orqanlarına müraciət edib.