Cəmiyyət

Müəllimə aid şeirlər

Qlobal.net müəllimə aid şeirlər təqdim edir:

MÜƏLLİM

Bir müqəddəs zirvə idi MÜƏLLİM,
Duyğu-duyğu, kəlam-kəlam əridi.
Bayram-bayram dərd topladı, qəm yedi,
Kədər-kədər, ələm-ələm əridi.

Vətən-Vətən, torpaq-torpaq çat oldu,
Dünya qurdu, bir quruca ad oldu…!
Kitab-kitab, dəftər-dəftər od oldu,
Vərəq-vərəq, qələm-qələm əridi.
_____________

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

Bəxtiyar Vahabzadə
—————————-

Adın ən ucadır bizə hər zaman,
Sən bizim mehriban bir anamızsan.
Ruhu doğma olan ən gözəl insan,
Müəllim, müəllim, əziz müəllim!

Böyük səhnələrə gətirdin bizi,
Pillədən-pilləyə ötürdün bizi,
Sənət yollarında bitirdin bizi,
Müəllim, müəllim, əziz müəllim!

Bizi ayırmadın doğma övladdan,
Bizə ürəyində yer verdin hər an.
Mərhəmət öyrətdin bizə hər zaman
Müəllim, müəllim, əziz müəllim

Leyla Mətin
_____

Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çaglayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!

Odur,insanlara düz yol göstərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,doğrunu görən,
Dünyanın möhtəşəm duzudur Müəllim!!!

Ziyalı olmasa, kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!!!

Nüsrət Kəsəmənli.

———————-

Müəllim olan yerdə nə lazım günəş,
Onsuzda günəşdir, özü müəllimin.
Müəllim olan yerdə nə lazım atəş
Bir oddur, alovdur, sözü müəllimin.

Qəlbi bir dəryadır, arzusu ümman
Onda var məğrurluq, onda var inam
Bir şagird məktəbə gəlməyən zaman
Dikilər yollara gözü müəllimin.
—————————

Ətrafına işıq saçan, nur saçan
Ömürlərə çığır salan, yol açan
Yaşlandıqca, qocaldıqca ucalan,
Bir ömür var, o müəllim ömrüdür.

Ömrünü öyrətməklə keçirən,
Həkimləri,alimləri yetirən,
Həyatını bir şam kimi bitirən,
Bir ömür var o müəllim ömrüdür.

Müəllimlər doğma qalır, hər yadda,
Bir hikmət var, bu kəlmədə bu adda,
Şərəfiylə,qüruruyla həyatda,
Bir ömür var o müəllim ömrüdür.

Hökmranlar önündə baş əyməli,
Peşəsiylə öyünməli, öyməli,
Yazılmalı, baxılmalı, görməli,
Bir ömür var o müəllim ömrüdür.

Səməd Vurğun.

Müəllimlik – bu bir incə sənətdir,

Bu yolu hər gedən olmalı incə.

Saralmaz bir çəmən o göyərincə,

Həyata pək yaxın bir məhəbbətdir.

Almanlar etmişdir çox kərə təkrar –

Mənimdir gələcək… müəllimim var…

Dinlə vətəndaşım! Belə bir şüar

Hər qəlbə tac verən bir fəzilətdir.

Qələlər, zindanlar, qorxunc diləklər,

Atəşli vicdanlar, çılğm ürəklər,

Üfqündə məbud bir boşluq bəklər,

Baxdım keçmişlərə, bu həqiqətdir…

Ey göylər suları, sən boşalma, dol!

Tutduğun çiçəkli, reyhanlı bu yol

Hər qəlbə sevinclər vəd edər bol-bol…

Bu günün qayəsi çünki zəhmətdir.


 Musa Yaqub

Saatlar…Otaqlar…
Hə,bu da bir gün…
Siniflər…Uşaqlar…
Hə,bu da bir gün…
Yenə zəng çalındı,çölə,içəri…

Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi var,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.

—————————-

Demə ki, keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitər
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır, anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçər

Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.

Bir nankor tələbə dönüklüyündə,
Gah itər, yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

 

Related Articles

Bir cavab yazın

Back to top button