məktəb

Müəllim şagirdlərin ağzını skoçladı, adını dərs qoydu

Bakının Nərimanov rayonunun 178 saylı tam orta məktəbinin 3 A sinfinin müəllimi şagirdlərin ağzını skoçlayıb.
Bununla bağlı valideynlər sosial şəbəkələrdə etirazlar ediblər. 
Vaideynlərin sözlərinə görə, övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının skoçlandığını iddia edirlər.

Qeyd edilib ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub.

Şagirdlər bu barədə valideynlərinə bildiriblər. Valideynlər isə öz növbəsində, məktəb direktoru Xəyalə Qasımovaya şikayət ediblər.

Məsələni dəqiqləşdirmək üçün  ibtidai sinif müəlliməsi Xatirə Rüstəmova ilə danışmağa çalışdıq. Müəllim ittihamları qəbul etmədi və məsələyə bu aspektdən yanaşmağın düzgün olmadığını vurğuladı.

"Bu məsələ ilə bağlı valideynlər gəliblər, hazırda söhbət edirik. Bu 3-4 valideynin işidir. Mən heç vaxt uşaq döyməmişəm. Uşaqlar məni çox istəyirlər. Oyunlar oynayırıq. Heç vaxt uşaqlarla aramda hər hansı bir problem olmayıb.

Sinifdə oxuyanlar da var, zəif oxuyanlar da. Çalışıram ki, zəif oxuyanları qabağa gətirim", - deyə Xatirə Rüstəmova bildirib.

Sinif rəhbəri deyir ki, məsələ ilə bağlı direktora da izahat yazıb:

"Mən bu barədə direktora da izahat yazıb vermişəm. KSQ yazdırırdım. Uşaqlara başa saldım ki, suallar kompüterə yazılır. Heç kim heç kimə heç nə deməsin. Onlar da əvvəlcə dedilər "baş üstə". Sonra isə bir-birindən soruşdular.

Sinifdə qışqıra-qışqıra danışıblar. Sakitliyə əməl etməyiblər. Onda mən demişəm ki, uşaqlar gəlin "qaradinməz" oyunu oynayaq.

Əlimlə ağzımıza vururuq ki, guya ağzımızı bağladıq və "qaradinməz" oyununa başladıq. Səs salan, başqalarına mane olan uşaqların ağızlarının bir tərəfinə yapışqan vurmuşam. Hamısını da izah etmişəm.

Zarafatyana etmişəm. Özləri də gülüşüblər. Uşaqlar buna pis olmayıblar. Oyun kimi etmişəm. And olsun Allaha ki, uşaqlarla aramda problem yoxdur. İndiki valideynlər bir az çətin məsələdir".

Məsələ ilə bağlı məktəb direktoru Xəyalə Qasımova ilə əlaqə yaratmağa çalışdıq. Direktor zənglərimizə cavab vermədi. Məktəbdən isə bildirdilər ki, hazırda direktor danışmaq imkanında deyil.
Məsələ ilə bağlı Təhsil İdarəsindən bildirildi ki,ünvanlanan müraciətə baxılması onların səlahiyyəti çəçivəsində deyil. (milli.az)

21.12.2024 15:16
show 290