643ffb3c80407202304233124

Mübariz İbrahimovun xain olmasına dair ifadə alıblar - "Tərtər işi"

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Səbəb Bakı Hərbi Məhkəməsində məhkəmə zallarının geniş olmamasıdır.
Qlobal.net musavat.com-a istinadla xəbər verir ki, prosesdə zərərçəkənlər ifadə verib.
İclasda Yusif Əsədovun ifadəsi şok effekti yaradıb. 
Zərərçəkən deyib: “Bilirsiniz ki, hər şey bizim bölükdən başlayıb. Mənim tabeliyimdə olan əsgər Turan İbrahimli aprelin 28-də gecə saat 12-də silahı da götürüb döyüş postunu tərk eləmişdi. Mən həmin vaxt istirahət edirdim. Xəbər verdilər ki, əsgər yoxdur. Axtarışa başladıq, qərargaha xəbər verdik. Onu minalanmış ərazinin yaxınlığından tapdıq. Soruşduq ki, niyə o tərəfə keçmək istəyirdin? Gah dedi, leytenant yoldaşımızın intiqamını almaq istəyirdim, gah dedi, başımdan vurdular, məni havayla apardılar o tərəfə... Sabahı gün mənə hərbi hissədən zəng gəldi, dedilər ki, əsgər İbrahimlini guya incitmişəm. Sonra da onun üçün məzuniyyət kağızı yazmağımı tapşırdılar. Sabahı gün Mehman Hüseynovun manqasına gəlib axtarış apardılar, onları yığıb apardılar. Sonra gəlib bizim taboru da mənimlə birlikdə döyüş postundan aşağı düşürtdülər. Məni qırmızı maşında aparırdılar. Yarı yolda düşürüb, “UAZ”a mindirdilər. Bizi köhnə briqdaya apardılar. İçəri girən kimi Mehmanın manqasını gördük. Onun manqasındakı əsgərlərin hamısını çılpaq soyundurmuşdular. Sonra həkimlər bizi də müayinə etdilər. Hərbi polisin rəisi, hərbi prokuror, general Hikmət Həsənov - hamısı orada idi. Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi. Mehmana o qədər işgəncə verilmişdi ki, demək olar, ölmüşdü. Hikmət Həsənov Mübariz Rzayevə tapşırdı ki, apar bunu. Mübariz Rzayev məni aparanda Mehman yerdə işgəncələrdən hərəkətsiz vəziyyətdə qalmışdı. Dedim, Mehmanı niyə bu günə qoyublar? Mübariz Rzayev dedi, darıxma, səni də o günə qoyacaqlar. Məni maskalılara verdi, işgəncələr başladı, başıma dəsmal keçirdib, suda boğdular, toka verdilər. Qonşu otaqda Babək Əliyevə işgəncə verilirdi. Səsi gəlirdi. Babək milli qəhrəman Mübariz İbrahimovun xalası oğludur. Babəkə deyirdilər ki, denən erməniyə keçmisən. Denən vətən xainisən. Mübariz də sənin kimi vətən xaini olub”.
19.04.2023 18:30
show 1227