Moskvadan Bakıya gəlib arvadının telefonunda gördüklərindən ŞOK OLDU
Xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi
Müseyibovun (adlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi
yekunlaşıb.
Qlobal.net "ölkə.az"-a istinadən xəbər verir ki, qətl hadisəsi
Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Rusiyada işləyən
Müseyibov hadisədən bir gün əvvəl Azərbaycandan mesaj alıb. Bu
məlumatdan dərhal sonra o, Bakıya gəlib. 22 il əvvəl ailə həyatı qurduğu
və 3 uşaq anası olan həyat yoldaşını qətlə yetirib.
2022-ci ilin noyabrın 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan
yaşayış massivində 38 yaşlı Sevinc Müseyibova qətlə yetirilib.
Məlumatla əlaqədar dərhal prokurorluq və polis əməkdaşları hadisə yerinə
gəliblər.
Qətli törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 44 yaşlı Vidadi Müseyibov polisə könüllü təslim olub.
İstintaqla müəyyən edilib ki, Vidadi Müseyibov Moskva şəhərində
olduğu müddətdə arvadı Sevinc Müseyibova onun telefon zənglərinə tez-tez
cavab verməyib. Aktiv şəkildə sosial şəbəkədən istifadə edib. Bununla
belə 2022-ci il noyabrın 10-da Vidadi Müseyibovun ailə üzvlərindən biri
Sevinc Müseyibovanın əvvəllər iş yoldaşı olmuş Rövşən Məmmədovla telefon
əlaqələrinin olması barədə məlumat verib. Onların danışığının səs
yazısını da ona göndərib. Bütün bunlardan sonra Vidadi Müseyibov 22 il
əvvəl ailə həyatı qurduğu və 3 uşaq anası olan arvadının ona xəyanət
etməsindən şübhələnib.
Baş verənləri aydınlaşdırmaq üçün noyabrın 11-də təyyarə ilə Bakıya
gəlib. Savalan qəsəbəsində yerləşən kafedə spirtli içki qəbul edib və
həyat yoldaşının işdən evə qayıtmasını gözləyib.
Axşam saat 9 radələrində sərxoş vəziyyətdə evə gələrək arvadından
kiminlə münasibətdə olduğunu soruşub. SMS yazışmalarına baxması üçün
mobil telefonunu ona verməsini tələb edib. Arvadı əlində saxladığı
telefonu ona verməkdən imtina etdikdə sağ əli ilə qadının üzünə yumruqla
zərbə vurub və telefonu zorla əlindən alıb. O, arvadının Rövşən
Məmmədovla "WhatsApp” yazışmalarını görüb. Xəyanətinə əmin olaraq
qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bıçaqla əvvəlcə evin
dəhlizində, sonra isə arxasınca qaçıb həyət qapısının qarşısında ona
çoxsaylı zərbə vuraraq arvadını öldürüb.
İş üzrə dindirilmiş Vidadi Müseyibov bildirib ki, hadisədən
təxminən 9 ay əvvəl tikinti sahəsində işləyib pul qazanmaq üçün Moskva
şəhərinə gedib. Hər gün həyat yoldaşı və uşaqları ilə telefonla əlaqə
saxlayıb. Pul köçürmə sistemi vasitəsilə onlara pul göndərib.
Təxminən son 2-3 ay ərzində arvadının ona qarşı münasibətinin
soyuduğunu hiss edib. Həyat yoldaşı son vaxtlar onun zənglərinə cavab
verməyib. Bəzən isə görüntülü danışan zaman görüntünü bağlayıb. Noyabrın
10-da aldığı mesajdan sonra Bakıya gəlib və hadisəni törədib.
İstintaq Vidadi Müseyibovun əməlini CM-in 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib. Cinayət
işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında o, ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkən və şahid ifadələri dinlənilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Sübutlar araşdırılandan sonra məhkəmə istintaqı tamamlanıb.
Məhkəmə hesab edib ki, Vidadi Müseyibovun əməli CM-in 120.2.4
(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsindən, 120.1 (qəsdən
adam öldürmə) maddəsinə tövsif edilməlidir.
Sonda məhkəmənin hökmü ilə 44 yaşlı Vidadi Müseyibov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.