Şou-biznes əhli zaman-zaman şəxsi həyatları, bahalı və lüks yaşayış tərzləri ilə gündəmə gəlsələr də, onlar arasında sənət nümayiş etdirənlər də az deyil. Səhərdən axşama qədər təmtəraqlı məclislərdə sevilən ifalarını təqdim edən sənət adamları əldə etdikləri gəlirlə mahnı alır, eyni zamanda bahalı kliplər çəkdirirlər. Ərsəyə gətirdikləri həmin ekran işlərini isə şəxsi yutub kanallarına yerləşdiriərək sevənlərinin ixtiyarına verirlər. Bu platformaya ümumi olaraq nəzər salsaq, əksər ifaçılarımızın milyonlarla baxış sayı yığan kliplərini görmüş olarıq.
Milli.Az xəbər verir ki, bu dəfə baku.ws saytı olaraq yutub sosial platformasında klipləri daha çox izlənilən azərbaycanlı müğənnilərin kimliyini araşdırdıq. Onların siyahısını siz oxucular üçün təqdim edirik:
Yutubda klipləri ən çox izlənilən məşhurlar arasında müğənni Üzeyir Mehdizadə ilk yerdədir. Onun şəxsi yutub kanalının 1 milyon 88 min abunəçisi mövcuddur. Bu platformada 2012-ci ildə özünə kanal açan Üzeyirin ən çox baxılan klipi "Yaxsi olar" mahnısına çəkilən ekran işidir. Sənətçinin bu klipi nə az nə çox, 283 milyon dəfə izlənilib. Sənətçinin kanalındakı kliplərin ümumi baxışı isə 877 milyondan çoxdur.
Müğənni Nahidə Babaşlının yutub kanalı 2017-ci ildən fəaliyyət göstərir. Buna baxmayaraq ifaçının 1 milyon 39 min izləyicisi var. Onun şəxsi kanalına yerləşdirilən "Ay yüzlüm" ifasının görüntüləri 84 milyon baxış sayı toplayıb.
Müğənni Talıb Talenin yutubda 1 milyon 18 min abunəçisi var. Mahnılarının böyük əksəriyyətinin özü bəstələyən sənətçinin klipləri də yetəri qədər baxış sayı yığıb. Onun həmkarı Zeynəb Həsəni ilə akustik tərzdə oxuduğu "Səbr elə" mahnısı 125 milyon dəfə izlənilib.
Müğənni Şəbnəm Tovuzlunun yutub kanalı 2016-cı ildə açılıb. Sənətçinin 1 milyon 8 min izləyicisi var. Onun "Xəstəyəm" mahnısının görüntüləri 54 milyondan çox baxış sayı toplayıb.
Müğənni Damlanın yutubda təxminən yarım milyon, yəni 560 min abunəçisi var. Onun "Popuri" mahnıların ibarət klipi 38 milyon dəfədən çox izlənilib.
Gənc ifaçılardan olan Çinarə Məlikzadə yutub kanalı 2017-ci ildə açılıb. Onun 400 min abunəçisi var. İfaçının musiqiçi Alişahinlə akustik tərzdə ifa etdiyi "İhtiyacı var" mahnısının görüntüləri 60 milyon baxış sayı toplayıb.
Xalq artisti Röya Ayxanın yutubda 337 min izləyicisi var. İfaçının ən çox dinlənilən ifası "Düşürsən tez-tez yada" adlı kompozisiyasıdır. Sözgedən mahnının görüntüləri 13 milyondan çox izlənilib.
Xalq artisti Miri Yusifin yutub kanalı 2012-ci ildən fəaliyyətdədir. Hər zaman sevilən hitləri ilə diqqət mərkəzində olan sənətçinin 204 min abunəçisi var. Onun ən çox dinlənilən mahnısı isə həmkarı Röya Ayxanla ifa etdiyi "Səndən bir dənədir" duetidir. Kompozisiyanın görüntüləri 25 milyondan çox izlənilib.
Hazırda İndoneziyanın Bali şəhərində yaşayan müğənni Çingiz Mustafayev də klipləri daha çox izlənilən sənətçilər sırasındadır. Onun yutub kanalının 186 min izləyicisi var. İfaçının ən çox baxılan klipi "Can can" adlı mahnıya çəkilən ekran işidir. Klip yutubda 17 milyondan çox baxış sayı toplayıb.
Uzun müddətdir efirlərdən qonarar tələb etməsi xəbərləri ilə gündəmə gələn müğənni Natavan Həbibinin yutubda 103 min abunəçisi var. Onun ən çox baxış sayı toplayan kompozisiyası "Sevgi bizi yola verdi" adlı mahnısı olub. Klip 15 milyondan çox baxış sayı toplayıb.
Gənc müğənni Əhməd Mustafayevin yutub kanalı 2014-cü ildə açılıb. Sənətçinin ən çox baxılan klipi "Canan" adlı mahnıya çəkilən ekran işi olub. Kompozisiya 28 milyondan çox insan tərəfindən izlənilib.
Müğənni Zamiq Hüseynov da yutubda klipləri də kifayət qədər izlənilən ifaçılarımızdandır. Sənətçinin bir zamanlar musiqi platformalatını alt-üst edən "Kaman" adlı ifası 32 milyondan çox baxış sayı toplayıb. Hüseynovun yutubda 111 min abunəçisi var.