photo_91307873
Milli Qəhrəmanın qızı ilə Qarabağ qazisi evləndi - Toydan MARAQLI GÖRÜNTÜLƏR/VİDEO

"Bizi Qarabağ birləşdirdi..."

İyunun 15-də Birinci Qarabağ Müharibəsinin şəhidi - Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ilə 44 günlük Vətən müharibəsi qazisi Denis Quzlayevin toy mərasimi keçirilib.

Toy mərasimi Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə "Xəmsə" şadlıq sarayında baş tutub.

Mərasimin rəsmi hissəsində ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Milli Qəhrəman Yuriy Kovalyovun qardaşı, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitali Kovalyov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov, millət vəkilləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək, ailə quran gənclərə xoşbəxtlik diləyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov isə qurum tərəfindən hədiyyə edilən mənzilin orderini cütlüyə təqdim edib.

Xatırladaq ki, Regina Kovalyovun atası Yuriy Kovalyov 1990-cı il sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib. O, xüsusən Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Kovalyov 1991-ci il oktyabrın 3-də Xocavənddə növbəti hərbi tapşırıqdan qayıdarkən düşmənlə qəhrəmancasına döyüşərək, şəhid olub. Göstərdiyi şücaətlərə görə Yuriy Kovalyov ölümündən sonra 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsi qazisi Denis Quzlayev 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Quzlayev Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. O, Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb, bir neçə çətin əməliyyat keçirib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Denis Quzlayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Milli Qəhrəmanın qızı Regina Kovalyova isə Azərbaycanın Rus İcmasının fəal üzvü olaraq qurumun Nizami rayon təşkilatının gənclər qrupunun rəhbəridir.

"TV Musavat"ın əməkdaşları cütlüyün mərasimindən videoreportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

16.06.2022 10:15
232