6790a9148c6d0202501251516

Milli Qəhrəmanın “PKK”çı oğlu öldü- FOTO

11 il əvvəl Qaraçuxurda Cümə məscidini yandırdığı üçün terrorçuluqda təqsirli bilinən Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu Namiq Nəsibovun cinayət işinə xitam verilib.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, "PKK" terror təşkilatını dəstəkləmiş N.Nəsibov bir neçə ay əvvəl ürək çatışmazlığından vəfat edib.

Bu günlərdə məhkəməyə daxil olan sənəddə göstərilib ki, onun ölümü ilə bağlı rəyi Abşeron rayonunun Masazır Həkim Məntəqəsi verib. Görünən odur ki, psixi xəstəliyi sübut olunduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilən Namiq sonradan oradan çıxa bilib.

Şəxsin ölümünə görə ötən gün məhkəmə son qərar qəbul edib. N.Nəsibovun barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Qeyd edək ki, N.Nəsibov cinayəti Elnur Ələkbərovla birgə törətmişdi və həmin şəxsə 15 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Xatırladaq ki, cinayət hadisəsi baş verən vaxt Namiq Nəsibov barəsində mediada çoxsaylı məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, tibb təhsilli olub. Əvvəl Bakıda, sonradan Suriyada könüllü şəkildə həkim işləyib. İstintaq materiallarında yazılırdı ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.

O, həmin ölkənin Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə "PKK" terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradaraq ətraflarına tərəfdarlar toplamağa başlayıb. Namiq və Elnur sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Namiqin daha əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalanın şəkli olan köynəyi geyinib paylaşımlar etməsi cəmiyyətdə qınaqla qarşılanmışdı.

Məlumat üçün bildirək ki, Namiq Nəsibovun atası Kamil Nəsibova Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində göstərdiyi xidmətlərə görə ölümündən sonra - 1993-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

22.01.2025 12:12
show 119