Maraqlı

Meymunların edamına səbəb olan hadisə – Onlardan dul qadınlar pis məqsədlə istifadə edirmişlər

Bir anlıq təsəvvür edin ki, XVI əsrin son illərində yaşayırsınız və Osmanlı İmperiyasının paytaxtı olan İstanbuldasınız. Çöldə görməli olduğunuz bir işiniz, getməli olduğunuz bir yer var. Hər hansı bir səbəblə küçəyə çıxırsınız və Qalata istiqamətində irəliləyirsiniz.

Bir müddət sonra küçələrdə qəzəblə qaçan insanları görürsünüz. Təəccüblənirsiniz və nə baş verdiyini anlamağa çalışırsınız. Bir az da irəlilədikdən sonra ətrafınızdakı ağaclara baxarkən yerinizdə donub qalırsınız. Ağacların budaqlarında boynuna ip salınmış meymunlar asılmış şəkildə sallanır. Daha böyük meymunlar üçünsə xüsusi edam darağaçları hazırlanmışdır. Bəs buna səbəb nə idi?

Qlobal.net xatırladır ki, Osmanlı İmperiyası yalnız fəth etdiyi torpaqlarla sərhədlərini genişləndirməklə kifayətlənməmiş, həm də bu ərazilərdən gətirdiyi əşyalar və mədəniyyət nümunələri ilə dövlətin mədəni inkişafına da töhfə vermişdir. Fəth olunan bölgələrdən gətirilən əşyalar və mədəni təsirlər həm dövlətin, həm də xalqın həyat tərzinə ciddi təsir göstərmişdir.

Yavuz Sultan Səlimin dövründə başlayan Şimali Afrika yürüşləri ilə birlikdə meymunlar da Osmanlıya, xüsusilə də İstanbula gətirilməyə başlanmışdı. Bu meymunlar çox önəmli bir vəzifəni yerinə yetirirdilər. Gəlibolu və İstanbulda yerləşən tersanelərdə (gəmiqayırma zavodlarında) təlim görən meymunlar Osmanlı Donanmasına aid gəmilərin dirəklərinə çıxar, insan gözünün görə bilməyəcəyi qədər uzaq məsafələrdəki düşmən gəmilərini seçə bilər və olduqları yerdə hoppanaraq göyərtədəki Osmanlı dənizçilərinə xəbər verərdilər. “Kitab-ı Bahriyyə”nin müəllifi Piri Rəis və onun əmisi Kəmal Rəisin idarə etdiyi gəmilərdə də bu cür meymunların gözcü kimi istifadə olunduğu rəvayət edilir. Dursun Gürlək “Kültür Dünyamızdan Manzaralar” adlı kitabında bu təlim görmüş meymunların Azapqapı bazarında satışa çıxarıldığını, meymun dükanlarının isə Xələc sahilindəki Sokullu Mehmed Paşa məscidinin yaxınlığında və Tersanə Qapısı adlanan yerdə yerləşdiyini qeyd edir.

Bu şirin heyvanlar yalnız donanmadakı mühüm vəzifələri ilə deyil, eyni zamanda İstanbulun zəngin dairələrində ev heyvanı kimi saxlanılmaları və bəzək əşyası kimi nümayiş etdirilmələri ilə də məşhurlaşmışdılar.

Mənbələrdə hansı meymun növünün İstanbula gətirildiyi açıq şəkildə qeyd olunmasa da, coğrafi amillər, dövrə aid təsvirlər və bu heyvanların öyrədilə bilmə qabiliyyəti nəzərə alındıqda, bu meymunların “makak” cinsinə aid olduğu qənaətinə gəlmək mümkündür.

Misirli hədis və fiqh alimi Dəmirî isə heyvan ensiklopediyası xarakteri daşıyan “Hayatü’l-Heyevan” adlı maraqlı əsərində meymunların dərzilik, qəssablıq, baqqallıq və hətta zərgərlik kimi işləri görə bildiklərini qeyd edir.

Lakin Afrikadan gətirilmiş bu sevimli canlılarla xalqın qurduğu yaxın münasibət bəzi dairələrin xoşuna gəlmirdi. Bu narazıların içində ən diqqətçəkən və nüfuzlu şəxs Molla Əbdülkərim Əfəndi idi. Daha əvvəl Sultan Muradın imamı olmuş bu şəxs, həmin dövrdə Rumeli qazaskəri vəzifəsində çalışırdı. Molla Əbdülkərim yalnız meymunlardan deyil, İstanbuldakı qeyri-müsəlman Osmanlı vətəndaşlarından da narahatlıq duyurdu.

Molla düşünürdü ki, meymunlar xalqı əyləncə və dünya nemətlərinə aludə edir, bu isə müsəlman cəmiyyətini dindən uzaqlaşdırır, yoldan çıxarır. O qədər nifrət edirdi ki, bir meymun gördükdə dərhal asılmasını əmr edir, bəzi hallarda isə meymunun boynuna keçirdilmiş ipi şəxsən özü dartaraq öldürürdü. Buna görə də xalq arasında ona “Meymunkeş” ləqəbi verilmişdi.

Molla Əbdülkərim eyni zamanda İstanbulun bəzi camilərində vaazlar verirdi. Bir dəfə Fatih məscidində cümə xütbəsi zamanı yenə hədəfində nifrət etdiyi meymunlar vardı. “Maymunkeş” Molla iddia edirdi ki, İstanbulda bəzi dul qadınlar bu heyvanları pis məqsədlərlə istifadə edirlər, hətta cinsi zövq üçün saxlayırlar. Onun fikrincə, bu əxlaqsızlıq cəmiyyətin pozulmasına səbəb olurdu və belə şəxslər – bu heyvanları gətirənlər, satanlar, evində bəsləyənlər – mütləq cəzalandırılmalı idi. Əks halda toplum mənəvi süqutla üzləşəcəkdi. Molla, əgər camaat belə bir təmizlik hərəkatı istəyirsə, onlara rəhbərlik etməyə hazır olduğunu və bu günah alətlərindən İstanbulu təmizləmək üçün birlikdə hərəkət edə biləcəklərini söylədi.

“Maymunkeş” Molla Əbdülkərimin bu çıxışı xalqı dərindən təsirləndirdi və həmin gün böyük bir dəstə Azapqapı və Galata bölgəsindəki meymun dükanlarını basqına məruz qoydu. Meymunlar ağaclara asıldı, daha iri olanlar üçün xüsusi edam darağaçları quruldu. Tarixçilər o günü belə ifadə edirlər: “Budağında meymun asılmayan bircə ağac belə qalmamışdı.”

Beləliklə, Osmanlının dəniz səfərlərində yardımçı olan, evlərə və cəmiyyətə sevinc gətirən meymunların faciəvi hekayəsi sona çatdı.

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button