Məşqçi ilə ana sevgili olub, 3 ay əvvəl ayrılıblar - TƏFƏRRÜAT
Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağın ölümündə
təqsirləndirilən idmançı Mehman Xəlilovun məhkəməsində şok faktlar üzə
çıxıb.Qlobal.net bildirir
ki, "News24.az"ın iddiasına görə, sonuncu məhkəmə prosesində məlum olub
ki, 7 yaşlı uşağın anası Aynurə Məlikova ilə Mehman Xəlilov bir müddət
sevgili olub. Hadisədən 3 ay əvvəl onların mübahisəsi yaranıb və
ayrılıblar. A. Məlikova iddia edib ki, M.Xəlilov ondan qisas almaq
məqsədi ilə 7 yaşlı uşağa xəsarətlər yetirib.
M. Xəlilov isə məhkəmədə iddianı təkzib edib. O bildirib ki, 7 yaşlı uşağa xəsarət yetirmək fikri olmayıb: "Mən uşağı öldürmək və ya ona xəsarət yetirmək istəsəydim
niyə bunları kamera qarşısında edirdim? Mən uşaqdan niyə qisas alım?
Mənim uşağa xəsarət yetirmək fikrim olmayıb".
Qeyd edək ki, ittihama görə, aprelin 29-da 2016-cı il
təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi
barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun
Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü
üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi
nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr
müəyyən edilib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs
qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət
Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla
adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif
edilib.