qurban

Məşhur hüquqşünas Qurban Qurbanovdan elə şeylər dedi ki...

Bütün dünya mətbuatı ermənilər tərəfindən Azərbaycan Dövlətinə, Hakimiyyətin nəzarətində olan mətbuat isə Qurban Qurbanova qarşı mübarizə aparır.

Bir çoxları deyə bilər ki, bundan hakimiyyətin xəbəri yoxdur, yalandır, inanmayın. Mətbuata nəzarət edənlər bu prosesi yaxşı bilir və idarə edirlər. Bunun üçün ilk dəfə köynək qiymətini kimlərin ortaya atdığını, sonra isə bu mövzunu gündəmdə saxlayanlara fikir verin və Sizə hər şey aydın olacaq. 

Başqa bir bəhanə də gətirə bilərlər ki, biz artıq olan mövzu haqqında məlumat verdik. Bu da məlumatın yayılma metodlarından biri olduğundan yalandır və bilə-bilə mövzu gündəmdə saxlanılır.

Deyə bilərlər ki, Qurban Qurbanovun bahalı köynək geyinməsi niyə onun əleyhinə olan məlumat olsun. Bunun da cavabı çox sadədir. Uzun illər sovet təbliğat maşınının təsiridir ki, bu gün də Azərbaycan Xalqı qəhrəmanını ya dar ağacında, ya da dilənçi günündə görmək istəyir. 

Qısaca da olsa Qurban Qurbanovun köynəyinin qiyməti barədə. Bu gün dünyada ən çox pul dövriyyəsi olan sahələrdən biri də futboldur və artıq milyoner yox, milyarder futbolçular var. Ronaldu və Messi nümunədir. Qurban Qurbanov və onun yaratdığı Qarabağ FK isə bu gün dünyada tanınır və Qurban Qurbanov istənilən vaxt xaricdə ili milyonlara məşqçi kimi çalışa bilər. Ona görə də bu Kişinin ən bahalı geyimlərdə olması onun haqqıdır.

Nə üçün bu mövzu gündəm oldu sualının da cavabı çox bəsitdir. Bu fürsəti futbol korrupsionerləri çoxdan gözləyirdilər və geci-tezi olası idi, çünki heç cür Qurban Qurbanovu ram edə bilmirlər. Sonuncu oyunun nəticəsi isə göydən düşmə fürsət idi. Qurban Qurbanovu AFFA-ya heç də sevərək seçmədilər. Əminəm ki, bu, onun ölkə futbol cameyəsində müqayisəedilməz nüfuza malik olması və ölkə rəhbərliyinin göstərişi ilə baş vermişdi. Bu gün isə vəzifələrdəkilərin əksəriyyəti peşəkarlar yox, yarınmağı və oğurlamağı bacaranlardır.

Sonda isə müraciətim ölkə KİV-lərinə başçılıq edənlərədir. Çoxları sizdən bu gün də müsbət iş gözləyirlər. Mən isə az müddətdə sizin R.Mehdiyev və Ə.Həsənovun layiqli davamçıları olduğunuzu gördüm və bunu üzünüzə dedim. Bu ölkədə nə qədər mətbuatı murdarlayan, korrupsiyaya bulaşdıran varsa bu gün sizin sevilmilərinizdir və onları orden-medallar və digər imtiyazlar sahibi etdiniz. Ən murdarları ilə çox mehriban şəkilləriniz yayılmaqdadır. Sizdə bir balaca vicdan olsa Qurban Qurbanovla yox, bu gün ölkədə klanlar yaradan, qohumbazlığı, dostbazlığı ifrat həddə çatdıran və 44 günlük Qarabağ Zəfərinə və ölkə Başçısının nüfuzuna kölgə salanlarla mübarizə aparardınız.

Aslan İsmayılov, hüquqşünas

30.08.2024 14:08
show 324