Mənzil sahiblərinin nəzərinə - 20 gündən bir cərimələnə bilərsiniz
Yaxın gələcəkdə daşınmaz əmlakın sığortalanması üçün elektron
sistem işə düşəcək. Yeni sistem əmlakın sığortalanması prosesini
sadələşdirəcək. Eyni zamanda bu sistem vasitəsilə hər hansı əmlakın
sığortalanıb-sığortalanmadığını müəyyən etmək olacaq. Sığortası olmayan
ev sahibləri isə cərimələnəcək.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yeni sistem ilin sonuna qədər tam formalaşacaq. Onun
sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və İcbari
Sığorta Bürosu arasında informasiya mübadiləsi həyata keçirmək üçün
məlumat bazası yaradılacaq: "Nəticədə
İcbari Sığorta Bürosu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən
əmlakların sığorta olunub-olunmaması barədə məlumatları əldə edə
biləcək. Təbii ki, bu, vaxt tələb edən məsələdir. Lakin bu ilin sonuna
kimi proseslərin tam şəkildə qaydasına düşəcəyini hesab edirəm”. Ekspert sığortasız mənzil sahiblərinin cərimələnəcəyi barədə də danışıb: "İcbari
sığorta olunmayan mənzillər üçün cərimə məbləği 40 manatdır. İnzibati
Xətalar Məcəlləsinə görə, həmin cərimələr hər 20 gündən sonra
ardıcıllıqla yazıla bilər. Belə ki, mənzil sahibi 40 manat cəriməni 20
gün müddətində ödəməsə və əmlakını sığorta etdirməsə, o zaman həmin
cərimə 20 gündən bir yazılacaq. Bu məsələ qanunla öz əksini tapıb.
Müəyyən texniki məsələlər və informasiya mübadiləsi tam təmin olunana
qədər güzəştlər tətbiq edilə bilər. Lakin vətəndaşlar buna arxayın
olmamalıdır. Çünki qanunvericiliyin tələbi var”. R.Osmanlı, bölgələr üzrə icbari sığortanın məbləğini də qeyd edib: “Bakı
şəhərində icbari sığorta üçün ödəniləcək məbləğ 25 min, Gəncə,
Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 min, digər yaşayaış məntəqələri
üçün isə 15 min manat nəzərdə tutulub. Sığorta etdirmək istəyən şəxslər
bu məbləğin 0,2 faizini sığorta üçün ödəməlidir. Yəni, Bakı şəhəri üzrə
50, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üzrə 40 manat, digər yaşayış
məntəqələri üzrə 30 manat ödənilməlidir. Bu ildə bir dəfə ödənilən
sığorta növüdür. İl tamam olduqdan sonra proses təkrarlanır. Burada
sığorta şirkətləri müştəridən asılı olaraq müəyyən güzəştlər tətbiq edə
bilər. Bu, sığorta şirkətlərinin öz işidir. Lakin rəqəmlər
qanunvericiliklə müəyyən edilib”.