“Quyruğumuz qapı arasında qalanda mentallıqdan yapışırıq”.
Bunu “Yeni Sabah”a aktrisa Zülfiyyə Qurbanova bildirib.
O, yeni seriallara dair tənqidləri belə şərh edib: “Cəmiyyət üzvləri ekrana çıxmayan hər şeyi sevirlər. Qapalı yerlərdə söyüş, artıq kəlmələr istifadə edilə bilər. Ümumiyyətlə, biz işıqlandırılan heç nəyi sevmirik. Bütün bunlar bəhanədir. Niyə qınanılmalıdır ki?!
Mən obrazın dilindən hər hansı bir ifadəni işlətmiş və bunu çox normal qəbul etmişəm. Quyruğumuz qapı arasında qalanda mentallıqdan yapışırıq. “Mentalitetimizə ziddir, bizə yaraşmır”, - deyirik. Niyə? Mentalitetə zidd olan TV-lərdə bir-birilə söyüşən qadınlar, ailə-məişət problemlərini işıqlandıran verilişlərdə bir-birini saçlayıb sürüyən xalalar, bibilər, əmilər, dayılardır. Onlar söyüş söyəndə ayıb olmur, amma biz ekranlaşdıranda ayıb olur?!
Həm “Əqrəb mövsümü”, həm də “Vətəndaş A” serialında çəkilmişəm. Zamanında “Əqrəb mövsümi” serialı səs-küyə səbəb olmuşdu. İndi də “Vətəndaş A” serialını bir çox tamaşaçı, kinotənqidçi bəyənir. Ssenari və rejissor işi gözəldir. Aktyorlar da çox peşəkar iş ortaya qoyub. Bütün bunlar tamaşaçıların reaksiyalarından bəllidir”.
Aktrisa bildirib ki, seriallardakı arqo sözlər obrazın dilinə yaraşan formada istifadə olunur: “Yenə də deyirəm, gizli qalan hər şeyi sevirik. Söyüş var, olsun, heç kim görməsin. Ekrana çıxmasın. Niyə? Serialdakı vulqar ifadələr obrazın dilindəndir. Rollar da tamaşaçıya güzgüdür ki, baxıb dərs alsınlar.
Bizim cəmiyyətdə hər şeyi qınamağı sevirlər. Hətta yaxşı serialı da.
Türk, yaxud digər xarici seriallarda söyüşlü ifadələr “n” qədərdir. Ailəlikcə oturub izləyirlər. Sıra Azərbaycan seriallarına çatanda deyirlər, olmaz.
Cəmiyyətin əxlaqını filmlərdə istifadə edilən arqo kəlmələr pozmur. Əxlaqı pozan cəmiyyətin içindən çıxan, məişət mövzularının müzakirəsinə yol açan, TV-də bir-birinə nalayiq sözlər deyənlərdir. Mentallıqdan danışan adamlar birinci öz əxlaqlarını düzəltsin, sonra seriallardan söz açsın”.