6821b7201ec67202505255352

Dünyanın ən güclü şəxslərindən biri olan Səddam Hüseyni kim satmışdı? - Yanında düz 750 min dollar...

"Mənim adım Səddam Hüseyndir. Mən İraq prezidentiyəm və danışıqlar aparmağa razıyam".
Səddamın dilindən bu sözləri eşitmək üçün dünya liderləri uzun müddət çalışdılar, mübarizə apardılar ancaq mümkün olmadı. Ta ki, onu videoda görünən quyuda tapana qədər.
Qlobal.net bildirir ki, 2003-cü il martın 17-də ABŞ prezidenti Corc Buş Səddam Hüseynə hakimiyyəti təhvil vermək və İraqı tərk etmək üçün 48 saat vaxt verdi. Səddam bunu rədd etdi və martın 20-də müttəfiq qüvvələr İraqa böyük hücum başlatdılar. Cəmi 3 həftə içində Bağdad da daxil olmaqla ölkənin böyük hissəsi nəzarətə götürülsə də, Səddamı tapmaq mümkün olmamışdı.
1979-cu ildə İraqla Suriya arasında vahid ölkə yaratma istiqamətində ardıcıl razılaşmalar əldə edilərkən bu, ölkə prezidentinin köməkçisi olan Sünni təriqətli Səddamı və yandaşlarını narahat etməyə başladı. Onların təzyiqi altında İraq prezidenti iqtidardan əl çəkərək prezidentliyi və İnqilab Komandanlığı Şurasının rəhbərliyini Səddam Hüseynə təhvil versə də, Şuranın katibi Abdel Hüseyn bunu rədd etdi. Məhz bunun nəticəsində məşhur 1979-cu il Bəəs Partiyasının Təmizlənməsi konfransı keçirildi.
Səddam birbaşa yayımlatdığı konfransda Abdel Hüseyni tribunaya dəvət etdi və heç kimin gözləmədiyi şəkildə onu vətənə xəyanətdə, eləcə də Səddam Hüseynə qarşı sui-qəsd hazırlamaqda ittiham etdi. Səddam ona bu əməlini etiraf edib, bu işdə ona kömək edənlərin adını açıqlamayacağı təqdirdə ailəsi ilə birlikdə öldürüləcəyini söylədi. Seçim şansı qalmayan Abdel Hüseyn etiraf etməli oldu. Bundan sonra Səddam Hüseyn konfransda iştirak edən 200-dən artıq partiya rəhbərinin adlarını bir-bir sadalayıb onlardan özünə təhdid gördüyü 66 nəfərin bu işdə Abdel Hüseynə kömək etdiyini zorla təsdiqlətdi. Həmin şəxslər bütün ölkənin gözü qabağında, konfransdaca təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq aparılıb ya öldürüldülər, ya da həbsə atıldılar.
Səddam ölkədə mütləq gücü əlində cəmləməyə belə başlamışdı. Sonrakı il isə İrana qarşı müharibəyə başladı və bu zaman ABŞ onun əsas dəstəkçilərindən biri idi. O, bir zamanlar bu qədər yaxın əlaqələri olduğu ABŞ-ı hövsələdən çıxarana qədər xeyli xətalar elədi. 1990-cı ildə bütün dünyanın etirazına rəğmən Küveyti işğal etdi, Kürdlərə qarşı kütləvi qətliamlar törətdi, sona qədər BMT-nin inspektorlarına ölkədə kütləvi qırğın silahlarının olub-olmadığını yoxlamağa icazə vermədi və s. Beynəlxalq qadın birliklərindən birinin üzvü olan Zeynəb Səlbi Səddamlı İraqı belə xatırlayır: "Düzü, Səddam bizə çox şey verdi, ancaq bizdən ruhumuzu aldı. Biz elə bir mərhələyə gəlmişdik ki, bir-birimizlə danışmağa qorxurduq. Ərlə arvad aralarında söhbət etməz olmuşdular, valideynlər uşaqları qarşısında öz hisslərini ifadə etməkdən çəkinirdilər. Çünki məktəb müəllimləri tez-tez uşaqlardan, valideynlərinin Səddam haqqında nə düşündüklərini soruşurdu və uşaqlarına görə qətlə yetirilən onlarla insanın hekayəsi vardı".
2003-cü ildəki müharibənin əsas fazası 3 həftə ərzində bitsə də, düz 9 ay ərzində Səddamın axtarışı davam etdi. Onu axtaran ABŞ-ın dördüncü piyada alayı bir neçə dəfə Səddamın doğulduğu şəhər olan Tikritin cənubundakı günəbaxan tarlasındakı bir evi yoxlasalar da, həyətdəki xalını qaldırmaq ağıllarına gəlməmişdi. Lakin ələ keçirdikləri Səddamın yaxın adamlarından birinin məlumatı əsasında daha bir dəfə gedib oranı yoxlamağı planlaşdırırlar. Əməliyyatda iştirak edən əsgərlərdən biri deyir ki, əslində onlara təlimdə öyrədilir ki, belə bir quyu ilə qarşılaşarkən ilk görülməli tədbir təhlükəsizlik üçün ora qumbara atmaqdır. Lakin onlar xalını qaldıran kimi bir cüt əlin havaya qalxdığını gördülər və quyudakı adam məhz bu cümlələri səsləndirdi: "Mənim adım Səddam Hüseyndir. Mən İraq prezidentiyəm və danışıqlar aparmağa razıyam".
Səddamın belində bir kalaşnikov, yanında isə 750 min dollar var idi. Ancaq o, deyəsən, hər şeyin bitdiyini anlamış olmalıydı ki, heç bir müqavimət göstərmədi. Əsgərlər dərhal onun şəxsiyyətini təsdiq edən bir neçə xırda yoxlamanı edib briqada rəhbərlərinə Səddamın ələ keçirildiyini məruzə etdilər.
2 ildən artıq çəkən məhkəmə prosesindən sonra İraq Xüsusi Tribunalı Səddamın barəsində ölüm cəzası müəyyən etdi və bir zamanlar dünyanın ən güclü şəxslərindən biri hesab edilən, Yaxın və Orta şərqin rəhbərliyinə iddiası olan Səddam Hüseyn 2006-cı il dekabrın 30-da asıldı.
Ancaq İraqda heç vaxt kütləvi qırğın silahları tapılmadı.
12.05.2025 12:55
show 1