Məleykə Abbaszadənin 80 minlik yemək servisi - DİM-in işçiləri evə getmir?
Dövlət İmtahan Mərkəzi (DİM) "Yuni Servis” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 81 809.4 AZN təşkil edən
müqavilədə yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın
alınması nəzərdə tutulur.
Tenderin şərtlərindən məlum olur ki, "Yuni Servis” MMC DİM üçün
səhər, nahar və şam yeməyi hazırlayacaq. Bunun hansısa tədbir üçün
nəzərdə tutulub-tutulmadığı bəlli deyil. Hətta tədbir üçün nəzərdə
tutulmuş olsa belə, şam yeməyinin siyahıya əlavə olunması başa düşülmür.
Ortaya sual çıxır: Hansı əhəmiyyətli tədbirdir ki, şam yeməyinə qədər
davam edəcək.
Bir qədər də "Yuni Servis” MMC haqqında. İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 24
iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni
təmsilçisi isə Manafov Rauf Əhməd oğludur. O, həm də şirkətin
direktorudur.
"Yuni Servis”MMC 15 ildir fəaliyyət göstərməsinə baxmyaraq, açıq
mənbələrdə barəsində heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə
telefonları, nə veb-səhifəsi var.
Rauf Manafova gəlincə, Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvüdür. Bundan başqa, onun haqqında hər hansı məlumat yoxdur.
DİM-in sədri Məleykə Abbaszadədir. O, 1994-2000-ci il illərdə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini,
2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ildə
TQDK-nın bazasında DİM yaradılıb və Məleykə Abbaszadə qurumun
Direktorlar Şurasının sədri təyin edilib. Beləliklə, xanım Abbaszadə
faktiki olaraq 22 ildir ki, sədr vəzifəsini daşıyır.