"Azərbaycanda məktəb yaşlı uşaqların demək olar ki, xeyli hissəsi sosial şəbəkələrdən istifadə edir. Bunlar arasında "Instagram", "TikTok" və "YouTube" var. Məsələnin ən ağrılı tərəfi budur ki, o uşaqlar bu platformalara filtrsiz daxil olurlar. Bu o anlama gəlir ki, onlar böyüklər üçün nəzərdə tutulan əxlaq normalaırndan uzaq, həm də fərdi inkişaf üçün heç bir əhəmiyyəti olmayan resurslarla beyinlərini yüklənmiş olurlar. Bu cür informasiyalar onların gələcək həyatlarını həm puç edir, həm də cahiliyyə sürükləyir".
Bu sözləri Milli.Az-a deputat Razi Nurullayev deyib.
O bildirib ki, hər bir evdə təhsil müəssisələrində və ictimai yerlərdə internetə bütövlükdə filtrin tətbiq edilməsinin tərəfdarıyam.
"Uşaqların psixikasına, tərbiyəsinə, fərdi inkişafına və dünyagörüşünə mənfi təsir edən materiallar açar sözlərlə kilidlənə bilər. Bunun üçün valideyn nəzarəti adlı həm yerli, həm də xarici proqramlar var ki, həm valideynlər özləri, həm də təşkilatlar tam nəzarəti həyata keçirə bilərlər.
Təəssüf ki, valideynlər də övladlarını boş buraxıb və bu bizim gələcəyimizi ciddi sınaqlar qarşısında qoyur. Bu baxımdan Türkiyədə 16 yaşdan kiçik uşaqların valideyn nəzarətində sosial media istifadəsinə icazə verilməsi düzgün təklifdir. Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası və özüm də deputat kimi bu məsələlərlə bağlı bir neçə dəfə fikir söyləmişəm. Uşaqların sosial şəbəkələrdən nəzarətsiz istifadəsinə son qoyulmalıdır. Qanunvericilik səviyyəsində həll olunmasının tərəfdarıyam və ümid edirəm ki, bu məsələ ilə bağlı müzakirələr başlayacaq və sonunda isə konkret qanunvericilik təklifi irəli sürüləcək".