Mehriban Xanlarova aparıcıları və televiziyaları HƏDƏLƏDİ: İcazəm olmadan…

Mehriban Xanlarova AzTV və “Mədəniyyət” kanalı istisna olmaqla, digər televiziya kanallarının verilişlərinə çıxmayacağını bildirib.
Qlobal.net xəbər verir ki, bu barədə Əməkdar artist sosial media hesabında paylaşım edib.
Aktrisa bundan sonra pərəstişkarlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qarşılayacağını bildirib:
“Əziz tamaşaçılar və hörmətli media nümayəndələri! Səhnəyə qədəm qoyduğum ilk gündən tamaşaçı sevgisini və mətbuatın diqqətini yüksək qiymətləndirmişəm. Bu gün isə aldığım bir qərarı sizinlə bölüşmək istəyirəm. Bu gündən (oktyabrın 24-ü – red.) AzTV və “Mədəniyyət” kanalı istisna olmaqla, digər televiziya kanallarının verilişlərinə çıxmayacağam.
Eyni zamanda, icazəm olmadan adımı və ya ailəmi reytinq naminə müzakirə mövzusuna çevirmək cəhdləri olarsa, bu halın qarşısını almaq üçün birbaşa hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənim sənətimi sevən, məni səhnədə görmək istəyən tamaşaçılarımı isə uzun illərdir çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qarşılayacağam. Sayğı və sevgilərlə, sizin Mehriban Xanlarovanız”.



