Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub
qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın barəsindəki hökmdən
verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səbinə Kətanova Cinayət
Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət
məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam
verilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin
264-cü ((yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə
tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə
Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron
qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş
başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni
qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr
2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi "Toyota Prado”
markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən "Verona”
mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən
yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyyatsızlıqdan
maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə
zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin
sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər
vurmaya aid xəsarətlər yetirib.
S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər
vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən
qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.
Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə
zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq
130 min manatını ələ keçirmişdi.