Siyasət
Mehdiyev onları hədələdi: “Nankorlar, əlimdə olan faktları ortaya qoysam…”

Dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə ittiham olunan və barəsində ev dustaqlığı seçilən 87 yaşlı Ramiz Mehdiyevin ona qarşı söz deyənlərə hədələməsi yenidən sosial şəbəkələrdə gündəmə gəlib.
Bakupost.az xəbər verir ki, Ramiz Mehdiyev 2019-ci ilin oktyabrında 25 ilə yaxın çalışdığı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasına prezident göndərildi. Ancaq qısa müddətdən sonra bəlli oldu ki, Ramiz Mehdiyev AMEA divarlarına “sığmır”, 82 yaşı olmasına baxmayaraq, hakimiyyət strukturlarına müdaxilədən əl çəkmir, həmçinin Rusiya ilə “əlaqələrini” qoruyur, Rusiya nümayəndə heyətlərini bu dəfə AMEA-da qəbul edir.
AMEA-nı sürətlə siyasiləşdirməsi və buranı daha ağır intriqalara sürükləməsi ciddi etirazlara səbəb oldu və alimlərin ictimai şəkildə tənqidləri başladı. Bu proses siyasiləri də əhatələdi, çünki R.Mehdiyev balaca boyunu aşan işlərin içindəydi.
Bu ərəfədə Ramiz Mehdiyevə ünvanlanan tənqidlərin sayı da sürətlə artmışdı. 2020-ci ilin sentyabrında R.Mehdiyev bu tənqidləri hədələmək və qorxutmaqla susdurmağa çalışdı.
“Təzadlar” açıqlamasında Mehdiyev demişdi: “Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur.
Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.
Bu hədə-qorxusundan sonra Ramiz Mehdiyevə qarşı tənqidlərin sayı qətiyyən azalmadı, əksinə, daha da çoxaldı. Buna baxmayaraq, R.Mehdiyev “nankor” adlandırdıqları ilə bağlı “əlində olan” heç bir faktı açıqlamadı, heç kəsi də məhkəməyə verib, “nankorluqlarını” sübut etmədi.
Ancaq cəmi 5 il keçdi və bir daha təsdiqləndi ki, əslində nankor Ramiz Mehdiyevin özüdür. Mehdiyev ona yüksək vəzifə verib, böyük imtiyazlar tanıyan dövlətə qarşı xəyanətdə və hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham edilir.
5 ildən sönra dövlət özü onu məhkəməyə verib və nankorluğunu cəmiyyətə sübut etməyə hazırlaşır!