Qətl törətməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Qeyd edək ki, bu günə qədər meyxanaçılar arasında bir neçə sənətçi həbs həyatı yaşayıb. Müxtəlif maddələr üzrə təqsirli bilinən meyxanaçılar ömürlərinin bir hissəsini dəmir barmaqlıqlar arxasında keçiriblər.
Rəşad Dağlıdan başqa həbs həyatı yaşayan bəzi meyxanaçıların adlarını təqdim edirik:
Məşədibaba Aydəmirov 1994-cü ilin 11 fevral tarixində yaxın dostu olan meyxanaçı Elçin Atakişiyev ilə aralarında yaranan münaqişə zamanı ona bıçaqla xəsarət yetirib. Elçin xəstəxanaya gec çatdırıldığı üçün çox qan itirərək dünyasını dəyişib. 6 il dəmir barmaqlıqlar arxasında qalan Məşədibaba 2000-ci ildə həbsdən azad olunub.
Bayram Kürdəxanlı 2014-cü il iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərində narkotik maddə aşkarlanıb. Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilən meyxanaçı 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Cavid Babaşov 2022-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Amid Əliyev Yevlax rayon sakini Tehran Məmmədovla əlbir olaraq Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq ediblər. Hər ikisi saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. (baku.vs)