photo_29543122

Marketlərdə satılan toyuqlarla bağlı şok araşdırma - Dəhşətli bakteriyalar...

Böyük Britaniyada jurnalist Morland Sandersin apardığı və telekanallardan birində yayımlanan gizli araşdırma supermarketlərdə satılan toyuq ətinin insan orqanizmi üçün olduqca təhlükəli bakteriyalarla dolu olduğunu üzə çıxarıb.

Virtualaz.org xəbər verir ki, bu səs-küylü araşdırma barədə "The Daily Express" nəşri yazır.


Jurnalist aydınlaşdırıb ki, supermarketlərdə satılan toyuqlar təhlükəli bakteriyaların mənbəyidir. Baxmayaraq ki, satış şəbəkələri bu toyuqların tam təhlükəsiz olduğuna inandırmağa çalışırdı.


Belə ki, supermarketlərdə bir sıra ərzaq məhsullarının etiketi üzərində qırmızı traktor logotipi yer alır. Bu o deməkdir ki, həmin məhsul keyfiyyətlidir və organik şəkildə yetişdirilib, təzədir. Lakin jurnalist müəyyən edib ki, etiketində qırmızı traktor logotipi olan toyuqların böyük əksəriyyəti antibiotiklərə davamlı bakteriyaların mənbəyidir.


Ceyms Hatton İnstitutundan mikrobioloq və ətraf mühit üzrə mütəxəssis, doktor Layza Everi bildirir ki, əgər belə bakteriyalarla zəngin toyuq ətini yesəniz potensial təhlükə meydana çıxacaq. Çünki insan olduqca ağır mürəkkəbləşmələrə gətirib çıxara biləcək bakteriyalarla yoluxa bilər və müalicə üçün ona antibiotiklər lazım gələcək. "Lakin indiki halda antibiotiklər də lazım olan effekti verməyəcək, çünki bu bakteriyalar antibiotiklərə davamlıdır", - o bildirib.


Doktor Everi deyir ki, hazırda antibiotiklərə davamlı bakteriyalar insan sağlamlığı üçün ən böyük təhdiddir. Onun sözlərinə görə, bütün bunlar sonda ona gətirib çıxara bilər ki, antibiotiklər təsirsiz qalır və infeksion xəstəlikləri müalicə etmək mümkün olmur.


Doktor britaniyalılara məsləhət görür ki, evdə toyuq əti bişirərkən olduqca ehtiyatlı olsunlar. Hər şeydən əvvəl toyuğu yumaq lazım deyil. Yol vermək olmaz ki, toyuq mətbəxdə onu bişirmək üçün nəzərdə tutulan tavadan və qazandan başqa nəyəsə toxunsun. Toyuq ətinə əllə toxunduqda onları dərhal diqqətlə yumaq lazımdır.


"Toyuqları diqqətlə təmizləyin və heç bir halda onları yumayın", - doktor Everi bildirir. "Toyuq ətini qablaşdırmadan çıxaran kimi dərhal onu tavaya yerləşdirin, sonra əllərinizi yuyun. Əllərinizi yumamış heç bir səthə toxunmayın", - o əlavə edir.


Mütəxəssis hesab edir ki, etiket üzərində yazılmış təlimata əməl etməklə təhlükəli bakteriyaya yoluxma riskini azaltmaq olar.

06.01.2022 01:25
show 392