mais

Mais Bərxudarov kimdir? - Döyüşə öndə gedən, evini başqasına bağışlayan general

Lent.az “Bioqrafiya” rubrikasında Vətən müharibəsində müstəsna xidmətləri olmuş  korpus komandiri general-leytenant Mais Bərxudarovdan bəhs edir. 

- Mais Bərxudarov harada və nə zaman anadan olub?

Mais Şükür oğlu Bərxudarov 1976-cı ildə Qubadlı rayonunun Dəmirçilər kəndində zəhmətkeş bir ailədə doğulub.

- Mais Bərxudarov harada təhsil alıb?
Orta məktəbə Qubadlıda başlayan Mais Bərxudarovu hərb sənətinə olan həvəsi Cəmşid Naxçıvanski adına hərbi liseyə aparıb. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. Mais Bərxudarov uşaqlıqdan güləşlə məşğul olub və Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.

-Mais Bərxudarov öz taleyində kimin önəmli rolu olduğunu qeyd edib?

O, hərbçi taleyində qazandığı uğurlarda bir vaxtlar idman müəllimi olmuş Milli Qəhrəman Əliyar Əliyevin və hərbi liseyin rəhbəri general-leytenant Valeh Bərşadlının əməyini xüsusilə yüksək qiymətləndirir. Valeh Bərşadlı vaxtilə - 1993-cü ildə hərbi liseyin kursantı olan Bərxudarın bir qrup dostları ilə vətənpərvərlik duyğularının təsiri altında xəlvətcə döyüşə yollanmasının qarşısını alıb, ona hərbi təhsilini davam etdirməyi, hərb peşəsinə dərindən yiyələnməyi tövsiyə edib. 

- Mais Bərxudarov özü şəxsən döyüşlərdə iştirak edib?

Bəli. General-mayor Mais Bərxudarov peşəkar hərbiçidir və Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. Aprel döyüşlərində korpus komandiri olan general, döyüşlər başlayan kimi özü də əsgərlərlə bərabər birbaşa döyüşlərdə iştirak edib. Şahidlərin dediklərinə görə, o, tankın üzərində, öndə olmaqla bütün əsgərlərini ruhlandıraraq: “Arxamca, irəli!!!” komandası verib və böyük qələbəyə nail olub. 

1998-ci ildən mayor kimi daim ön cəbhədə, döyüş xəttində xidmətdə olan Mais Bərxudarovu Ulu öndər Heydər Əliyev şəxsən özü “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

- Mais Bərxudarov İkinci Qarabağ müharibəsində yaralanıb?

Bəli. Müharibənin ilk günlərində çox ağır qəlpə yaraları alsa da, lakin bunu bacardığı qədər gizlətməyə çalışıb. Kürəyində, boynunda, qolunda, ayağında kəsilmiş, deşilmiş yaralarla döyüşə davam edib.

Həkimin dediklərindən: ”Əslində bu yaralarla o, hospitalda yatmalıydı. Lakin o, buna qəti etiraz etmişdi. Məcburən döyüş bölgəsində, sığınacaqlarda yarası sarınırdı. Bəzən saatlarla gözləyirdik ki, onun yaralarının sarğısını dəyişək, bəzən gecə saatlarına qədər imkan olmurdu, bəzən də o qədər yorğun olurdu ki, elə yaralar təmizlənib, sarığını vaxt yuxuya gedirdi. Bu ağır yara ilə ona hərəkət etmək çətin olsa da, o, bunu bacarırdı. Bir gün də olsun yataqda qalmadı, elə bil ağrını da hiss etmirdi” .

- Mais Bərxudarov ona verilən evi şəhid ailəsinə hədiyyə edib?

Bəli. Mərhum Prezident Heydər Əliyev tərəfindən Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltiflənib. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür.
Heydər Əliyev ona "Azərbaycan Bayrağı" ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə edirəm.
Prezidentə təşəkkürünü bildirən zabitimiz Heydər Əliyevə deyir:
"Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm".

 - Mais Bərxudarov hansı mükafatları qazanıb?

1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 2012-ci ildə "Vətən uğrunda" medalı ilə, 2020-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır. Birlik komandiri Mais Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib.

- Əsgərlərinin Mais Bərxudarov barəsində fikirləri necə idi?

Onun tabeliyində döyüşmüş əsgərlər bir müsahibədə belə demişdilər:

“Şiddətli döyüş gedirdi, mən ağır yaralandım. Baxdım ki, qolum yoxdur. Sol tərəfimdə vuruşan general Mais Bərxudarov idi. Məni tez döyüş bölgəsindən çıxartdılar. Allah onu qorusun!”.

“Generalımız sıldırım qayalıqda yaralanmış döyüşçünü kənara çıxartmağa bizə macal vermədi, özü onu çiyninə alaraq bir qədər arxaya, döyüşdən kənara çıxartdı".

“Komutanımız çox güclü kəşfiyyatçıdır. Qubadlı istiqamətində hücum zamanı bir dəstə döyüşçü ilə 8 saatdan çox “yoxa” çıxdı. Gizli yollarla 20-25 km qət edərək, düşmən istehkamlarının yerini dəqiqləşdirmiş və onları məhv etmişdi...".

“Mais Bərxudarov işıni bilən, cəsur döyüşçüdür!”

“O, Kişidir! Ona sadə söz demək, söhbətə tutmaq onun vaxtın almaqdır...”

- Mais Bərxudarovun qardaşları da döyüşüb?

Mais Bərxudarovun iki qardaşı var.Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar.

- Mais Bərxudarov hazırda işləyir?

Oktyabrın 6-da Bərxudarov sərəncama göndərilib. Bu barədə özü belə deyib: "Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam", deyə o bildirib.

08.10.2024 08:10
show 151