Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir.
Qurumun məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında-yəni 4 ay müddətində vətəndaşlar qazanclarınn 52,7%-ni ərzaq məhsullarına, 4,9 faizini içki və tütün məmulatlarına, 13%-ni geyimə, 5,7 faizini yanacağa, 4,4 faizini elektrik malları və mebellərə, 2,4 faizini dərmanlara, 1,1 faizini texniki avadanlıqlara, 15,8 faizini isə digər qeyri-ərzaq mallarının alınmasına sərf ediblər.
Vətəndaşlar da məhsulların bahalığından şikayətlənir və maaşlarının əksər hissəsini ərzaq məhsullarına xərclədiklərini bildirirlər.
Mövzu ilə bağlı danışan iqtisadçı - ekspert Eldəniz Əmirov deyir ki, ölkədə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır.
İqtisadçı bildirir ki, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda ərzaq məhsullarına daha çox vəsaitin xərclənməsi müsbət hal deyil.
Ekpertin fikrincə, növbəti aylarda inflyasiya davam edərsə, adambaşına düşən xərclər artacaq.