Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.
Rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb.
Laçınlı İradə Hüseynova 30 ildir ki, məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, köçkünlük həyatını böyük kədər hissi ilə xatırlayır: “Laçına qayıtmağıma görə həm sevinirəm, həm də kədərlənirəm. Biz neçə ildir bu günü gözləyirdik. Çox heyif ki, oraya əzizlərimlə məlum səbəblərə görə qayıda bilmirəm. Bu günləri bizə yaşadan Ali Baş Komandana minnətdarlığımı bildirirəm, şəhid və qazilərimizin qarşısında baş əyirəm. Deyiləsi sözlər çoxdur. İlk ziyarət edəcəyim yer atamın məzarı olacaq. Laçınla bağlı xatirələrim zəngindir”.
Laçın rayon sakini Ramiz Həsənov da bu günün sevincini yaşayanlardandır.
Onun sözlərinə görə, uzun müddətdir ki, ölkə xaricində yaşamasına baxmayaraq, Laçına qayıdacağı günün səbirsizliklə gözləyib: “1993-cü ildən Laçın şəhərindən çıxmışıq. Yadda qalan xatirələr çoxdur. Hər dəfə yuxularımda məktəb illərim, dağlarda kəklikotu yığmağım, meşələrdən fındıq toplamağım, bulaqlardan su içməyimi xatırlayırdım. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə şəfa arzulayıram. İlk ziyarətim edəcəyim yer evim, eyni zamanda Həkəri çayı olacaq”.
82 yaşlı Adilə Əlişova isə bildirib ki, rayondan çıxanda 52 yaşı var imiş: “30 ildən sonra Laçın həsrəti sona çatdı. Şəhidlərimizə, qazilərimizə çox sağ ol deyirəm ki, mənim bu yaşımda vətən həsrətinə son qoydular. Laçında müxtəlif idarələrdə işləmişəm. Ordan çıxanda ailə üzvlərimdən ikisini itirmişəm. Rayona oğlum, gəlnim və nəvəmlə gedirəm. Torpağıma ilk ayaq basanda hansı hisslər keçirəcəyim özümə də maraqlıdır”.