rusiya

Kremldən Bakının “Rusiya üzr istəsin” çağırışına CAVAB

Kreml Bakıdan Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatları görüb. Lakin onlar hələ də qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmirlər.

Qlobal.net bildirir ki, Putinin mətbuat katibi Peskov bununla bağlı məlumatı şərh etməkdən imtina edib.

“Əlbəttə, bunu görmüşük, amma bir daha təkrar edirəm, artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Kremlin Azərbaycan Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiyanın üzr istməsi ilə bağlı bəyanatını görüb-görməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Hazırda aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır. Araşdırmadan gələn nəticələrə qədər biz heç  bir qiymətləndirmə aparmaq hüququna malik deyilik və bunu etməyəcəyik. Bunu edə biləcək aviasiya orqanlarımız var və bu məlumat ancaq onlardan gələ bilər”, – prezidentin mətbuat katibi vurğulayıb.

Bundan əvvəl Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Bakıdan uçan təyyarə Qroznı səmasında Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Musabəyov Rusiya tərəfini faktı etiraf etməyə və üzr istəməyə dəvət edib. (azpost)

27.12.2024 14:19
show 766