Körpə aknesi — digər adı ilə yenidoğulmuş sızanağı— adətən doğumdan sonrakı ilk bir neçə həftə ərzində ortaya çıxır.
Qlobal.net bildirir ki, bu vəziyyət qırmızı və ya ağ səpgilərlə xarakterizə olunur və əsasən yanaqlarda, alında və çənədə müşahidə edilir. Böyüklərdə olan aknedən fərqli olaraq, körpə aknesi dəri məsamələrinin tutulması ilə əlaqəli deyil. Bu, bir çox yenidoğulmuşda rast gəlinən geniş yayılmış bir vəziyyətdir və yeni valideynlərdə narahatlıq yarada bilər. Lakin körpə aknesi adətən zərərsiz və keçici olur.
Körpə aknesi, körpənin üzündə və ya sinəsində səpgilərə səbəb olan geniş yayılmış və qısa müddətli bir dəri problemidir. Böyüklərdəki akneyə bənzər şəkildə, körpə aknesi də dəridə sivilcə, kiçik şişliklər və ya irinli səpgilərlə özünü göstərir. Bu vəziyyət adətən bir neçə gün və ya bir neçə həftə davam edir. Yenidoğan aknesi, neonatal akne və ya neonatal sefalik püstüloz kimi də tanınır.
Körpə aknesinin dəqiq səbəbi məlum deyil. Böyüklərdə akne əsasən məsamələrin tutulması ilə əlaqəlidir. Mütəxəssislər körpə aknesinin doğum zamanı və ya doğumdan sonrakı ilk həftələrdə yaranan hormonal dəyişikliklərlə əlaqəli olduğunu düşünürlər. Ən çox görülən səbəblər bunlardır:
Ana hormonları: Hamiləlik zamanı anadan körpəyə ötürülən hormonlar yağ vəzilərini stimullaşdıraraq akne yarada bilər.
Yetkinləşməmiş məsamələr: Körpələrin dəri məsamələri tam inkişaf etmədiyi üçün asanlıqla qıcıqlanıb iltihablana bilər.
Dəri qıcıqlanması: Sərt parçalar, tüpürcək, süd və ya qusuntu körpənin həssas dərisini qıcıqlandıra bilər və bu da akneyə səbəb ola bilər.
Dərmanlar: Ananın hamiləlik dövründə və ya körpənin doğumdan sonra istifadə etdiyi bəzi dərmanlar hormonal tarazlığa və dəri vəziyyətinə təsir edə bilər.
İrsi meyl: Əgər valideynlərdən biri və ya hər ikisi körpəlikdə akne yaşayıbsa, bu hal onların uşaqlarında da görünə bilər.
Yağlı maddələrə məruz qalma: Yağlı dəri baxım məhsulları və ya saç yağları məsamələri tıxayaraq akne yarada bilər.
Maya infeksiyaları: Bəzən körpənin dərisində Malassezia adlı maya növünün artması nəticəsində iltihabi reaksiya yaranır və bu da akneyə bənzər səpgilərə səbəb olur.
Körpələrdə akne adətən üz, kürək, baş dərisi, sinə və boyun nahiyələrində müşahidə olunur. Ən çox yanaqlar, burun və alında yaranır. Bu vəziyyət geniş yayılmış və keçici olduğundan, qarşısını almaq çox da mümkün deyil və adətən iz buraxmadan özü-özünə sağalır.
Körpə aknesi qəfil meydana çıxa və ya yavaş-yavaş inkişaf edə bilər. Əvvəlcə dəridə kiçik və rəngsiz nöqtələr kimi başlayır, sonra şişkin sivilcələrə çevrilə bilər. İltihab azaldıqca səpgilər də kiçilir və bir neçə gün və ya həftə ərzində yox olur. Səpgilər keçdikdən sonra körpənin dərisi izsiz şəkildə sağalır.
Körpə aknesi əksər hallarda bir neçə həftə və ya ay ərzində özü-özünə sağalır. Əgər səpgilər iltihablı, kistli və ya iz buraxacaq şəkildədirsə, həkim tərəfindən təyin olunan müalicə lazım ola bilər. Bu müalicələrə aşağıdakılar daxildir:
Ketokonazol kimi göbələkəleyhinə kremlər.
Hidrokortizon kimi zəif təsirli yerli steroid kremlər.
Bu dərmanlar losyon və ya nəmləndirici şəklində tətbiq oluna bilər, lakin istifadədən əvvəl mütləq həkim məsləhəti almaq vacibdir.
Ev şəraitində isə bu qaydalara əməl edə bilərsiniz:
Körpənizin dərisini ilıq su ilə yumşaq şəkildə yuyun, dərini sürtməyin. Sonra dəsmalla qurulayın.
Dərinə losyon və ya yağ sürməyin, məsamələri tıxaya biləcək məhsullardan uzaq durun.
Körpənin dərisində qalan yemək qalıqları və ya qusuntunu dərhal təmizləyin.
Ana südü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə malik laurik turşusu ehtiva edir. Bu maddə körpə aknesi ilə əlaqəli iltihabı və qızartını azalda bilər. Ana südü təsirlənmiş nahiyəyə yumşaq şəkildə tətbiq edildikdə, bir çox valideyn körpələrinin dərisində yaxşılaşma olduğunu qeyd edir.
İstifadə qaydası:
Əllərinizi yaxşıca yuyun.
Təmiz bir qaba az miqdarda ana südü sağın.
Bir parça pambıq və ya barmağınızla südü səpgili nahiyəyə sürtün.
Sütün dəridə qurumasını gözləyin.
Bu prosesi gündə bir neçə dəfə təkrarlamaq sağalmağı sürətləndirə bilər. Həmçinin, ana südü dərinin daha təmiz görünməsinə kömək edir. Lakin, akne davam edərsə və ya pisləşərsə, uşaq həkimi ilə məsləhətləşmək ən düzgün yoldur.
Fatimə
Qlobal.net