Könül Xasıyeva Zaur Kamalı polisə verdi - QALMAQAL
Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib. Bakupost.az –ın
məlumatına görə, buna səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur”
("Səni deyirlər" rubrikası) verilişində işlətdiyi ifadələr olub. Aparıcı
efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını
öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb
olub. Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı polisə şikayət edib. Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib. Aparıcı vurğulayıb ki, həmin fikirləri Bakupost.az –da yayımlanan müsahibəsi əsasında deyib.
Həmçinin, müsahibənin müəllifi jurnalist Günel Musa da baş
verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Qeyd edək ki, müsahibədə K.
Xasıyeva “Bu gün valideynlərinizin hər ikisi dünyasını dəyişib. İndi
onlardan ən çox hansı üçün darıxırsınız?” sualını belə cavablandırıb:
- Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi, anamı
atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa
düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik
edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım
onu. Gedəndə atama dedim ki, necə ki, evlənməmişdən qabaq anamın
arxasınca sürünüb gəlib-getmisən, əgər anamı gəlib o məhəbbətlə
aparacaqsansa, verəcəm onu sənə. Yox elə olmayacaqsa, anamı sənə
verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun".